Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan olunub.
İyulun 14-də Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan "Dərman vasitələri haqqında" Qanuna belə bir dəyişiklik olunub.
Qanuna digər dəyişikliyə əsasən, Azərbaycanda xarici (beynəlxalq) qeydiyyatı tanınan dərman vasitəsinin dövlət qeydiyyatı 5 il müddətində qüvvədə olacaq. Onun təkrar qeydiyyatına müraciət əsasında baxılacaq.
Bundan başqa, qeydiyyata alınan dərman vasitələrinin dövlət reyestri aparılacaq.
Qanuna digər dəyişikliyə əsasən, reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələri elə reseptdə yazılan miqdarda ölkəyə gətiriləcək. Bunu pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları həyata keçirəcək. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır.