►“Onda edilsəydi, ikinci devalvasiya 50 faiz həcmində olmayacaqdı. Bu gün üçün gecikmiş addımdır”
Yanvarın 19-da parlamentin növbədənkənar iclasında ölkədən valyuta çıxarılmasını məhdudlaşdıran bir sıra qanunvericilik aktlarına dəyişiklik və düzəlişlər qəbul edilib.
“Valyuta tənzimlənməsi haqqında” qanuna nəzərdə tutulan düzəlişlər investisiya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20% alınmasını nəzərdə tutur.
İqtisadçı ekspert Əkrəm Həsənov bunu gecikmiş addım hesab edir. Bildirir ki, əgər birinci devalvasiyadan dərhal sonra bu düzəliş edilsəydi, təsiri ola bilərdi. İndi isə gecdir:
“Onda edilsəydi, ikinci devalvasiya 50 faiz həcmində olmayacaqdı. Bu gün üçün gecikmiş addımdır. Çünki kimə lazım idi, o pulunu çoxdan çıxarıb. Ölkədə onsuz da valyuta az qalıb. Bu, elə də effekt verməyəcək. Ölkəyə valyuta axını da azdır”.
“İndi da qara sxem çiçəklənəcək”
Əkrəm Həsənov deyir ki, valyutadəyişmə məntəqələrinin bağlanması ilə “qara bazar” çiçəkləndiyi kimi, bununla da pul köçürmələrdə də “qara sxem” fəaliyyətini genişləndirəcək:
“Kimə lazımdırsa, bank sistemindən kənar pulunu köçürəcək. Bu, həm gecikmiş, həm də artıq effeki olmayan bir addımdır. Bunu indi etmək gözdən pərdə asmaqdır. Bunu edən gərək vaxtında edəydi. O vaxt onlara sərf etmirdi, indi hamı pulunu çıxarandan sonra edirlər”.
Daha çox valyuta gəlsin
İqtisadçı Kənan Aslanlı isə deyir ki, bu addım gözlənilən idi:
“Daxili valyuta bazarında dollar qıtlığı ilə qarşılaşan bir sıra ölkələr daha çox valyutanın gəlməsində, daha az çıxarılmasında maraqlı olurlar. Ancaq fundamental olaraq digər işlər görülməlidir. İndiki durumdan çıxmaq üçün qeyri-neft ixracı stimulaşdırılmalıdır. Ölkəyə xarici valyutanın gələ bilməsi üçün dayanıqlı ixrac sistemi olmalıdır”.
Sosial şəbəkələrdə də istifadəçilər bu addımı gecikmiş addım sayır.
“Böhranda bu cür addımlara ehtiyac var”
Millət vəkili Fazil Qəzənfəroğlu isə hesab edir ki, böhrandan çıxış kimi belə məhdudlaşdırıcı addımlara ehtiyac var. Bu, sonrakı prosesi dayandırmaq üçündür:
“Bundan sonra kapital axınının qarşısını almaq üçün bu addımların atılması zəruridir. Son ayda idxala sərf olunan vəsaitin artması, 2,2 milyard valyutanın sərf olunması çox böyük bir rəqəmdir. Son 3 ilin rəqəminə bərabər bir rəqəmdir. Bu baxımdan da önləyici tədbirlər kimi nəzərdə tutulub. Təbii ki, burda əyintilər, müəyyən neqativ hallar ola bilər. Ancaq bu cür tədbirlər görülməlidir ki, ölkənin valyuta ehtiyatlarının müəyyən bir qismini saxlayıb yenidən istehsalata, başqa istiqamətlərə yönəltmək olsun”.
Fazil Qəzənfəroğlunun sözlərinə görə, Azərbaycan reallığında kimsə rüşvət verib pulunu yenə də çıxara bilər. Millət vəkili hesab edir ki, ancaq bu, bir neçə epizod ola bilər, kütləvi hal almayacaq.
Sözügedən məhdudiyyət müalicə, təhsil, xaricdə məhkəmə qərarının icrasına aid edilməyəcək.