Evdə ikən divarı uçurulan qadın imdad diləyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Evdə ikən divarı uçurulan qadın imdad diləyir

Bakı sakini İradə Hacıyeva oktyabrın 13-dən bəri evsizdir.

«10 gün əvvəl evin özülünü qəsdən qazdılar. Biz evin içində ola-ola bir tərəfi uçdu, dağıldı... Məcburi evi tərk edəsi olduq».

«BİZİ QAÇQIN SALDILAR»

İ.Hacıyeva telefon xəttinin o tərəfində göz yaşlarını tuta bilmir, boğulur, sözünün gerisini zorla gətirir... Zarafat deyil, 10 gündən çoxdur ki, sənədli-sübutlu mülkü başına uçurulub. Özü də iddialarına görə, qəsdən...:

«Beləcə, qəsdən dağıtdılar, bizi qaçqın salıb arzularına çatdılar. Əşyalarımızın çoxunu çıxara bilmədik. Çıxarıb çölə yığdıqlarımı da o - bu daşıdı, apardı. Bəzilərini isə qohumların evinə yığdıq. Özümüz də qohum evinə sığınmışıq. Ancaq bu, müvəqqətidir. Üzüqışa nə edəcəyimizi, hara gedəcəyimizi bilmirik».

İradə xanım oktyabrın 13-dək ailəsi ilə birlikdə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 141 saylı ünvanda yaşayıb. «Qış parkı»nın böyründəki ümumi həyətdəki ikimərtəbəli binanın 20 mənzili ayrı-ayrılıqda özəl mülklərdir. Həmin mənzillərdən ikisi (bir və ikinci mərtəbələrdə) İradə xanıma məxsusdur. Oktyabrın 13-də günün ikinci yarısı binanın yanındakı sahədə özül qazarkən evin bir hissəsini dağıdıblar. Sakinlər hesab edirlər ki, ərazidə hündürmərtəbəli bina tikmək üçün qazıntı işləri aparan şirkət insanların mülklərini qəsdən dağıdır.

***Buna da bax-Telnov küçəsi 10-da pusquda duranlar var

«BU ŞİRKƏT KİMİNDİRSƏ…»

İ.Hacıyeva:

«Bu tərəfdəki ümumi həyətdəki qonşuları bezdirdi, bir hissəsi məhkəmələrə düşdü, bir hissəsi hədələnib ev eşiyini qoyub qaçdı, bir hissəsi küçədə qalmamaq üçün məcbur razılaşdı. Bu şirkət kimindirsə, arxası çox möhkəmdir. Deməli, qonşu həyəti sökdülər, başladılar «kotlavan» qazmağa... Evimin altını qazdılar, qazdılar, yıxdılar başımıza... Ev uçanda hətta üçyaşlı bir uşaq da xəsarət aldı».

141 saylı həyətdə hər an evlərini itirəcəkləri qorxusu ilə 20 ailə yaşayır. İ.Hacıyeva isə evinin bir hissəsi dağıldığı üçün qohum evinə sığınıb.

Sakinlərin F.F MTK adı ilə tanıdığı şirkətin məlumatları nəinki ümumi internet axtarışında, heç Vergilər Nazirliyinin Məlumat bazasında da əksini tapmayıb.

«Qaynar xətt»in müxbiri bu şirkətlə bağlı internet üzərindən hər hansı məlumat əldə etmədikdə, Dilarə Əliyeva küçəsindəki 141 saylı ünvana baş çəkib. Həmin ünvana bitişik ərazi hasara alınsa da, hasarın üzərində buranı hansı şirkətin qazdığı və məqsədin nədən ibarət olduğunu bildirən hər hansı elan yoxdur.

***Buna da bax-'AAAF park' sakinləri: 'Deyirlər, İlham Əliyevin əmridir...'

İCRA HAKİMİYYƏTİ: «ŞİRKƏTİN SƏNƏDLƏRİ QAYDASINDADIR»

İradə xanımın və daha bir neçə sakinin evinin bir hissəsi dağıdılıb. Hazırda ərazidə sakitlikdir və özül qazıntıları da yarımçıq qalıb. Sakinlərin deməsinə görə, 10 gün əvvəl səs-küy saldıqdan sonra fəhlələr və şirkətin nümayəndələri işləri yarımçıq dayandıraraq, necə deyərlər, aradan çıxıblar. Ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gözə dəyməyib.

Nəsimi Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Dilarə Əliyeva küçəsindəki 141 saylı bina qəzalıdır. Burada yaşayan sakinlərə bu barədə xəbərdarlıq olunub:

«Orada bir şirkət tikinti aparır və hər bir sənədi qaydasındadır. Sənədi qaydasında olmayan şirkət paytaxtın mərkəzində özül qazmazdı. Evlərin istinad divarlarının hansı səbəbdən dağılmasını isə Fövqəladə Hallar Nazirliyi araşdırır. Qazıntı işlərinə də buna görə fasilə verilib».

Sakinlərsə binanın tarixi tikililər siyahısında olduğunu bildirsələr də, qəzalı vəziyyətə məhz tikinti şirkəti tərəfindən salındığını iddia edirlər.

***Buna da bax-168 ailə nə yerdədir, nə göydə...

HƏMİN O ZÜLFƏLİ İSMAYILOV

Hazırda ərazidəki mənzillərə qaz verilişi də dayandırılıb. Sakinlər bunu evlərindən «könüllü» əl çəkmələri üçün təzyiq vasitəsi hesab edirlər. Sakin Səkinə Namazova deyir, işlərə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi rəhbərlik edir:

«O Zülfəli İsmayılov bu «Qış parkı»nın yerindəki evlər söküləndə adamlara qan uddurdu, indi də bizə qan uddurur. Nə ev təklif edirlər, nə kompensasiya təklif edirlər, nə bildiriş göndəriblər, nə danışığa gəliblər... Heç nə... Fikirləşirlər ki, buldozerlərlə vuraq evləri dağıdaq, özləri qoyub qaçsın... Belə, başıma dağılsa da, çıxmaram».

Z.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinin müdiridir. «Qış parkı» layihəsi ilə bağlı Füzuli küçəsində aparılan söküntü zamanı işlərə nəzarəti o, həyata keçirdiyi üçün mülkiyyətçilərlə hökumət nümayəndələri arasındakı qarşıdurmalarda ən çox onun adı hallanırdı.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.