DİN Söyüdlü hadisələrində polisin hərəkətlərini araşdırıb

Soyudlu village

Gədəbəy rayonunun Söyüdlü kəndində asayişin pozulmasının qarşısını alan ayrı-ayrı əməkdaşların funksional vəzifələrin icrasında pozuntulara yol verməsi müəyyən edilmiş və həmin halların gələcəkdə təkrarlanmaması üçün tərəfimizdən davamlı təşkilati-praktiki tədbirlər görülür.

Bunu Daxili İşlər Nazirliyi Söyüdlü hadisələri zamanı polis əməkdaşlarının hərəkətlərinin araşdırılması ilə bağlı Turanın verdiyi suallara cavab olaraq bildirib.

Vurğulanıb ki, şəxsi heyətin ekstremal vəziyyətlərdə davranışının təkmilləşdirilməsi məqsədilə nazirlik mütəmadi təlimlər keçirir.Nazirlikdən açıqlamaya görə, son illərin təcrübəsi, polisin, aksiyalarda xüsusi aqressivliyi ilə seçilən iştirakçılara qarşı təmkinli və sivil davranış nümayiş etdirdiyini deməyə əsas versə də, bəzən müvafiq sahədə nöqsanlar da qeydə alınır.

Buna da bax: Nazim Bəydəmirlinin ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib

Xatırlatma

İyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər.

Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın xəsarət aldığı və rəsmi olaraq 5 nəfər inzibati həbs edildiyi deyilir.

İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub.

Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiya işini davam etdirdiyi bildirilir.