Azərbaycanda distant təhsilin müddəti uzadılıb

Azərbaycanda distant təhsil müddəti ilin sonuna kimi uzadılıb.

Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən dekabrın 30-dək uzadılıb.

Bu qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Bu il dərs ili başlayanda (sentyabrın 15-də) yalnız ibtidai siniflər, həftədə bir neçə gün olmaqla məktəbə gediblər.

Oktyabrın 1-dən IV-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Sonradan yenidən koronavirusa yoluxma artdığından distant təhsilə keçildi.

Azərbaycanda martın 24-dən karantin rejimi hökm sürür. Bu rejim dekabrın 28-nə kimi uzadılıb.

Azərbaycanda ötən tədris ilində də eyni səbəbdən, martın 3-dən distant təhsilə keçilmiş və bu tədris ilinin sonuna kimi belə davam etmişdi.

Buna da bax: Azərbaycan distant təhsilə hazırdır, hazır deyil?

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyədək Azərbaycanda isə ümumilikdə 121 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1392 nəfərin vəfat etdiyi açıqlanıb.