Mayın 30-da Nyu-York məhkəməsində 12 andlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi ilə bağlı hökmü elan edib. O, bütün 34 maddə üzrə təqsirli bilinib. Yekun cəza iyulun 11-də keçiriləcək xüsusi iclasda veriləcək. Beləliklə, Tramp seçkidən əvvəl də mühakimə oluna bilər. O, cərimə, şərti cəza və ya faktiki həbslə üzləşə bilər.
12 andlının hamısı onun günahkar olması ilə bağlı hökmün lehinə səs verib. Tramp 2016-cı il prezident seçkilərinə mane olmamaq üçün pornoaktrisa Stormi Denielsə aralarında olduğu iddia edilən cinsi əlaqə haqqında susmağa görə ödənişləri gizlətmək məqsədilə iş hesabatlarını saxtalaşdırmaqda günahkar bilinib. Builki seçkilərdə Tramp ardıcıl üçüncü dəfə Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.
Hökm elan edildikdən sonra jurnalistlərin suallarını cavablandıran D.Tramp ona qarşı cinayət prosesini "utancverici, saxta" adlandırıb. O, Co Bayden administrasiyasını məhkəməni təşkil etməkdə günahlandırıb: "Bunu Bayden administrasiyası bir rəqibi, siyasi rəqibini yaralamaq, xəsarət yetirmək məqsədi ilə edib".
D.Trampa qarşı ittiham irəli sürən Manhetten rayon prokuroru Elvin Breqq onun tənqidini rədd edərək prokurorların "faktlara və qanunun hərfinə" əməl etdiklərini deyib. "Hazırda çoxlu səslər eşidilir, amma vacib olan yeganə səs andlılar kollegiyasının səsidir və onlar öz sözlərini deyiblər".
Bir neçə respublikaçı D.Trampı dəstəkləyib. Senatdakı Respublikaçı azlığın rəhbəri Mitç Makkonnell ittihamları əsassız adlandırıb və apellyasiya məhkəməsinin hökmü ləğv edəcəyini təxmin edib.
Prezident Bayden andlıların qərarını birbaşa şərh etməyib. "Donald Trampı Oval kabinetdən uzaq tutmağın yeganə yolu seçki qutularıdır" - Bayden sosial mediada öz seçki fonduna ianələr səhifəsinə keçid verərək yazıb.
Müdafiə tərəfinin hökm çıxarıldıqdan sonra apellyasiya şikayəti verəcəyi gözlənilir. Tramp günahsız olduğunda israr edir.
Əslində, bu hökmlə bağlı hadisələrin istənilən inkişafı apellyasiya məhkəməsinin qərarından asılı olmayaraq D.Trampın seçkidə iştirakına mane olmayacaq. O, prezident seçkilərində qalib gəlsə, həbs cəzasına məhkum olunsa belə, - analitiklərin fikrincə, bu, az inandırıcıdır, - prezident vəzifəsini icra edəcək
ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət törətməkdə təqsirli bilinir.