Sentyabrın 12-də Birləşmiş Ştatlarda dörd fəal Rusiyanın qeydiyyata alınmamış agentləri kimi işləmək cəhdində ittiham olunub. Bu barədə Ədliyyə Departamenti məlumat yayıb.
Floridada andlılar məhkəməsi həmin şəxsləri xarici hökumətin agenti kimi hərəkət etmək kimi daha ağır ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilənlərin qaradərililərin hüquqlarını müdafiə edənlər olduğu bildirilir.
Departamentin məlumatına görə, onlara maksimum 5 ilədək həbs cəzası kəsilə bilər. Afrika Xalq Sosialist Partiyasının qurucusu, 82 yaşlı Omali Yeşitela, "Black Hammer" qrupunun lideri, 38 yaşlı Oqastes Romeyn də təqsirləndirilənlər sırasındadır.
Hökmün çıxarılacağı tarix bəlli deyil.
İonov kimdir
İttihamnaməyə görə, dörd fəal 2015-2022-ci illərdə Birləşmiş Ştatlarda Rusiya hökuməti adından bir sıra hərəkətlər gerçəkləşdiriblər. Onların Rusiya Anti-Qlobalizasiya Hərəkatının prezidenti Aleksandr İonovdan pul və dəstək aldığı bildirilir. İonov isə fəallardan siyasət, Ukrayna müharibəsi ilə bağlı Rusiyanın baxışlarının təbliğində istifadə edib, - məlumatda vurğulanır.
AzadlıqRadiosunun rus xidməti İonovun uzun illər FSB ilə əməkdaşlıq etdiyini yazır. Onun yerinə yetirdiyi tapşırıqlar içində ABŞ-da siyasi hərəkatlara dəstək, ABŞ-də məhkum edilmiş Mariya Butinaya yardım, Rusiya media orqanları və Telegram kanallarında lazımi mövzuların işıqlandırılması olub.
"Radio Svoboda" yazır ki, jurnalistlər azı 2021-ci ildən İonovun FSB ilə əlaqəli ola biləcəyindən şübhələniblər. Ona xüsusi xidmətin başçısı Bortnikovun imzası ilə 2017-ci ildə verilmiş fəxri fərmanı aşkarlayıblar. Amma İonov özü deyibmiş ki, onun əlaqələri tədbirlərin təşkili ilə məhdudlaşır, məsələn, xüsusi xidmət veteranları üçün voleybol turnirinin təşkili kimi.
2022-ci ilin yayında isə ABŞ Ədliyyə Departamenti İonovun uzun illər bir neçə qrup amerikalı fəalla əməkdaşlıqda ittiham etdi. Prokurorların bildirdiyinə görə, onlar FSB-yə ABŞ-də "fikir ayrılığı yaymaq" üçün informasiya ötürüblər.