ABŞ-ın dövlət katibi Rex Tillerson müqəddəs Ramazan bayramı münasibətilə Dövlət Departamentində iftar süfrəsi açmaq təklifini rədd edib. Bununla 20 ilə yaxındır davam edən ənənə pozulmuş olur. Bu haqda «Reuters» informasiya agentliyi iki ABŞ rəsmisinə istinadla yazır.
Agentlik yada salır ki, 1999-cu ildən bəri Respublikaçı və Demokrat dövlət katibləri Ramazanda departamentdə ya iftar veriblər, ya da bayram qəbulu keçiriblər.
Di gəl, Tillerson departamentin Din və Qlobal Məsələlər İdarəsinin bu xahişini rədd edib. Bu haqda agentliyə danışan iki rəsmi açıqlama vermək səlahiyyətləri olmadığından adlarının çəkilməsini istəməyiblər.
«TILLERSON BUNDAN İMTİNA ETSƏ...»
«Reuters» departament sözçüsündən imtinanın səbəbini soruşub.
«Biz hələ də Ramazan bayramının qeyd olunması variantlarını götür-qoy edirik… Müxtəlif ölkələrdəki missiyalarda səfirlər bu bayramı fərqli tədbirlərlə qeyd edirlər», – sözçü deyib.
Müsəlman fəallar prezident Donald Trump administrasiyasını İslama qeyri-dost münasibətində suçlayırlar. Belə ki, administrasiya bir neçə müsəlman ölkəsinin vətəndaşlarının Birləşmiş Ştatlara girişini yasaqlamağa çalışıb. Ancaq administrasiya İslamla problemi olmadığını, islamçı yaraqlılara qarşı çıxdığını bildirir.
Hər il departamentin Ramazan tədbirinə konqresmenlər, müsəlman icma liderləri, müsəlman ölkələrin diplomatları qatılırdılar. Bu il Tillerson bundan imtina etsə, bu, «bu administrasiyanın müsəlmanlarla işləməkdə maraqlı olmadığını» göstərər. Bunu ABŞ-ın keçmiş diplomatı Farah Pandith deyir. O, Bush və Obama administrasiyalarına çalışıb, Ağ evdə və Dövlət Departamentində Ramazan tədbirlərinin təşkilinə kömək edib.
Tillerson cümə günü orucluq ayının başlanması münasibətilə bəyanat yayıb, onu «sayğı və səxavət ayı» adlandırıb.
DƏVƏTNAMƏ GƏLMƏYİB
«Reuters» yazır ki, departamentin Din və Qlobal Məsələlər İdarəsi hələ apreldə Tillerson-un idarəsinə məktub göndərərək, builki Ramazan bayramında çıxış etməsini istəyib. Ancaq bir neçə həftədən sonra departamentdəki idarələr Tillerson-un həmin xahişi rədd etməsi haqda bildiriş alıblar. Agentlik rədd cavabını görmədiyini də vurğulayır. Ancaq Vaşinqtonda, adətən, həmin tədbirlərə qatılan müsəlman qrupları da, həmişəkindən fərqli olaraq, hələ ki dəvət almadıqlarını söyləyiblər.
Ağ evdə də bu il Ramazan tədbirinin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Hər halda, rəsmilər bu haqda agentliyə açıqlama verməyiblər.
«Reuters» Dövlət Departamentinin digər dini adətlərlə bağlı da tədbir keçirdiyini, ancaq onlardan bəzilərinin heç də Ramazan kimi oturuşmuş ənənə olmadığını qeyd edir. 2014-cü ildə ovaxtkı dövlət katibi John Kerry ilk dəfə olaraq Divali hindu festivalına ev sahibliyi etdi.
Departamentdə hər il Milad, Pasxa bayramları da qeyd olunur.