Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.
Bununla bağlı bu gün, sentyabrın 19-da prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.
Sənəddə vurğulanır ki, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Sərəncamda daha sonra 2023-il sentyabrın 19-da cəmi 23 saat çəkən "antiterror" əməliyyatının keçirildiyi vurğulanır. Sənədə görə, bununla da Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.
2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.