Ermənistanla məxfi əməkdaşlıqda şübhəli sayılanların tutulduğu deyilir

DTX

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli sayılan şəxslər həbs edilib.

Rəsmi iddiaya görə, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda terror-təxribat əməllərini planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Vurğulandığına görə, o, digər şəxslərlə birgə ölkədə etnik, dini zəmində düşmənçilik salınması və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb: "Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan, onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən Youtube kanalları və digər sosial şəbəkələrdə paylaşılıb".

İki şəxsin Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 28, 214.1 (terrorçuluğa hazırlıq) maddələri ilə ittiham edilərək həbs olunduqları bildirilir.

Hələlik, rəsmi açıqlamada adı çəkilən şəxslərdən, onların yaxınlarından və Ermənistanın rəsmi qurumlarından ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Qarabağ münaqişəsi üzündən hələ SSRİ dönəmindən Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər var.