Dövlət Təhlükəsizlik Xidməti son günlər Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərlə bağlı dəqiqləşdirilməmiş, qərəzli məlumatların yayılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında qanunvericiliyin tələbinə uyğun ən sərt tədbirlər görüləcək:
“Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır".
Bildirilir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur, Azərbaycan Silahlı Qüvvələri hücumların qarşısını qətiyyətlə almağa hazırdır.
İyulun 12-dən iki ölkənin sərhədində Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.
Son 3 gündə Azərbaycan tərəfi biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.
Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.