Dünyada aclıq və az qidalanmadan dəqiqədə 11 nəfər ölür. Bu isə COVID-19-dan ölüm səviyyəsindən yüksəkdir. Koronavirusdan dəqiqədə 7 nəfər dünyasını dəyişir.
155 milyon nəfər
OXFAM təşkilatı iyulun 9-da “Aclıq virusu çoxalır” adlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, münaqişə aclığın əsas səbəbidir. Pandemiya isə 2020-ci ildən bəri altı dəfəyədək artıma səbəb olub – yarım milyondan çox insanı aclığa sürükləyib.
Buna da bax: Pandemiyadan ölənlərin sayı 4 milyonu keçir
Hazırda dünyada 155 milyon nəfərin ərzaq təhlükəsizliyi ilə bağlı böhran həddində yaşadığı bildirilir. Bu, ötən ildəkindən 20 milyon çoxdur. Bu adamların hər üçündən ikisi ölkəsində müharibə, yaxud münaqişə getdiyi üçün ac gəzir.
Hesabatda koronavirus pandemiyasının, eləcə də iqlim böhranının səbəb olduğu iqtisadi sarsıntıların təsirindən də söz açılır. On milyonlarla insan aclığa sürüklənib. Kütləvi işsizlik, ərzaq istehsalının pozulması isə dünyada ərzağın qiymətini 40 faiz artırıb ki, bu isə on ildə ən böyük artım deməkdir.
Buna da bax: Ərzaq bahalaşır, yoxsulların dərdi artır
Hərbi xərclər 51 milyard dollar artıb
Oxfam Amerikanın Prezidenti Ebbi Maksman deyir ki, müharibə tərəfləri pandemiya ilə mübarizə aparmaqdansa, bir-birləri ilə savaşıblar, “çox vaxt hava fəlakətləri və iqtisadi sarsıntılar altında əzilənlərə son zərbəni vurublar”.
Amma pandemiyaya baxmayaraq, qlobal hərbi xərclər 51 milyard dollar artıb. Bu, aclığı dayandırmaq üçün BMT-yə gərəkən məbləğdən azı altı dəfə çoxdur.
Buna da bax: Delta variantı və vaksinlilərin xəstələnməsi
Hesabatda “ən pis aclıq ocaqları” sadalanır. Bu sıraya Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya və Yəmən daxildir.
Təşkilat dövlətləri münaqişələri dayandırmağa, yardım agentliklərinin münaqişə zonalarında işləməsinə şərait yaratmağa səsləyib.