Hakim qarşısında döşəmədə uzanmış Ə.Bünyadov: 'Məni məcburi gətiriblər'

Ə.Bünyadov

«Mən bura gəlmək istəmirdim. Məcbur elədilər ki, yox, getməlisən. Bu vəziyyətdə gəlib-getmək mənim üçün əzabdır...», – Nardaran əməliyyatında onurğasından güllələnib iflic olmuş Əbülfəz Bünyadov sentyabrın 11-də öz məhkəməsində hakimə müraciət edib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin həbs olunduğu, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldüyü əməliyyat Ə.Bünyadovun evində keçirilmişdi. T.Bağırovgilin məhkəməsi başlayanda Ə.Bünyadovun sağlıq durumu ilə əlaqədar onun haqqındakı cinayət işi ayrıldı. Onun işinə sonradan Nardaran hadisələrinə görə axtarışa verilib, 2017-ci ilin martında həbs olunan E.İsgəndərovla birlikdə baxıldı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyadov 15, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edildi. İndi həmin hökmdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: Əbülfəz Bünyadov Müalicə Müəssisəsinə köçürülüb: 'Vəziyyəti ağırdır'

«Belə bir kitabça mövcud olmayıb»

Yalnız başını və əllərini tərpətmək iqtidarında olan, hətta yataqda təkbaşına çevrilə bilməyən Ə.Bünyadov məhkəməyə xərəkdə gətirilib-aparılır. O, sentyabrın 11-də hakimlər qarşısına da döşəmənin üstündə xərəkdə uzanıqlı vəziyyətdə çıxarılıb.

Hakimlərə müraciət edən Ə.Bünyadov bildirib ki, bu vəziyyətdə məhkəmədə iştirak etmək istəmir. O, məhkəməsinin onun iştirakı olmadan keçirilməsi barədə ərizəni imzalayıb. Özü də ədalətli nəticəyə inamsızlığını ifadə edərək, qısa müddətdə qərarın elan olunmasını xahiş edib.

Məhkəmədə vəkil Fariz Namazlı çıxış edərək, həm Ə.Bünyadovun, həm də E.İsgəndərovun təqsirsiz olduğunu söyləyib. Vəkilin sözlərinə görə, bu adamlar dövlət çevrilişinə cəhd, terrora çağırış, dini nifrət salma, silah-sursat saxlama və buna bənzər başqa ağır cinayətlərdə ittiham olunurlar, ancaq ortada bircə mötəbər sübut yoxdur. F.Namazlı deyir ki, sübutlardan biri «Hacı Tale Bağırzadənin müraciəti» adlı kitabçadır: «Lakin iş materiallarının təhlili göstərir ki, belə bir kitabça mövcud olmayıb. Onu Taleh Bağırovgilin həbsindən sonra kustar üsulla hazırlayıb iş materiallarına əlavə ediblər ki, həbs olunan şəxslərin əleyhinə istifadə eləsinlər».

Buna da bax: Nardaran əməliyyatında iflic olan: 'Biz qumbara atmışıqsa, onun çalası hanı?'

F.Namazlı «Müsəlman Birliyi» Hərəkatının «terror təşkilatı», «cinayətkar birlik» kimi təqdim olunmasına da etiraz edib. Bildirib ki, bu təşkilat dövlət qeydiyyatından keçmək üçün bir neçə dəfə Ədliyyə Nazirliyinə sənədlərini təqdim edib: «Bu ölkədə qeydiyyatdan keçməyən onlarla qeyri-hökumət təşkilatı var».

Vəkil çıxışının sonunda hər iki şəxs haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Məhkəmə sentyabrın 14-də davam edəcək.

Xatırlatma

Ə.Bünyadov «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvüdür. O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə qətimkan tədbiri ilə həbsdən buraxılıb. 2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalından həbs edilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.