Gürcüstanda həbsdə olan azərbaycanlı bloqer Əfqan Sadıqovun səhhəti pisləşib. Bu barədə "Sosial ədalət mərkəzi"nin başçısı Tamta Mikeladze məlumat verib.
AzadlıqRadiosunun gürcü xidməti yazır ki, Ə.Sadıqov Tbilisinin Qldani rayonundakı təcridxanada tibb müəssisəsinə köçürülüb.
Sentyabrın 21-də təcridxanada aclıq aksiyası elan edən bloqer Gürcüstandan Azərbaycana ekstradisiya olunmamasını tələb edir.
T.Mikeladze yazır ki, Ə.Sadıqovun səhhəti qəflətən pisləşib, onun həyat yoldaşına bu barədə bilgi verilib.
Gürcüstanın Miqrasiya Xidməti Ə.Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. O, avqustda Azərbaycanın sorğusu əsasında saxlanılıb və Bakıya deportasiya edilə bilər. Ona qarşı cinayət işi qaldırıldığı bildirilir.
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Gürcüstan hakimiyyətini Ə.Sadıqovun Azərbaycana deportasiyasını dayandırmağa çağırıb.
AzelTV-nin rəhbəri olan Ə.Sadıqov 2020-ci ildə xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il həbs olunub. Bir il sonra onun cəzası 6 ilə endirilib və o, 2022-ci il mayın 27-də əfv olunub.
Bloqer daha öncə də məhbus həyatı yaşayıb, bütün hallarda ittihamları qəbul etməyib və onların onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.
Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
Hazırda Azərbaycanda azı 10 jurnalist həbsdədir, onlar ittihamları qəbul etmir, siyasi motivli sayırlar.