Birləşmiş Ştatlar Əfqanıstandan çıxışını daha yaxşı idarə edə bilərdi, amma bu ay yaşanan faciə 20 ildi hazırlanırdı. Ta əvvəldən Amerika və müttəfiqləri yuxarıdan aşağıya dövlət quruculuğu strategiyasını seçmişdi ki, bu da həmişə iflasa məhkumdur. “Millətlər niyə tənəzzül edir” kitabının həmmüəllifi Daron Acemoğlu “Project-Syndicate” portalında yazır ki, Birləşmiş Ştatlar 20 il öncə Əfqanıstanı yenidən qurmaq ümidiylə tutmuşdu. General Stenli MakKristal 2009-cu ildə deyirdi ki, məqsəd “Əfqanıstan hökumətinin öz ərazisinə yetərincə nəzarət edərək regionda sabitliyi dəstəkləməsi, beynəlxalq terrorçuluqda istifadəyə imkan verməməsi idi”.
100 mindən çox insan həlak olandan, 2 trilyon dollar xərclənəndən sonra 1975-ci ilin Sayqon hadisələrini yada salan alçaldıcı iflas baş verdi. Müəllifin fikrincə, Birləşmiş Ştatlar lap əvvəldən sabit ölkə quruculuğunu hüquq və asayişin yaradılmasında, dinamik dövlət qurumlarının təsis olunmasında gördü.
Buna da bax: Talibanın üzləşdiyi iqtisadi çətinliklər
ABŞ-ın səhvi
“ABŞ siyasətçiləri dövlət quruculuğunu yuxarıdan-aşağıya, ‘öncə dövlət’ prosesi kimi görərək siyasi elmdə sanballı bir ənənəyə sadiq qaldılar. Bu yanaşmaya görə, bir ərazidə hərtərəfli hərbi dominantlıq qura bilir və hakimiyyətin digər mənbələrini zəbt edirsənsə, iradəni diktə edə bilərsən. Bəli, bir çox yerlərdə bu nəzəriyyə ən yaxşı halda 50 faiz özünü doğruldur; Əfqanıstanda isə kökündən yanlış idi”, – məqalədə deyilir.
Müəllif qeyd edir ki, yuxarıdan-aşağıya yanaşması Çində Qin sülaləsi, yaxud Osmanlı İmperiyasında bəzən özünü doğrultdu. Amma əksər ölkələr güclə deyil, kompromis və əməkdaşlıq əsasında quruldu.
“Bu o demək deyil ki, ABŞ Talibanla işləməliydi. Amma müxtəlif fərqli yerli qruplarla işləmələydi, Əfqanıstanın Talibandan sonrakı ilk prezidenti Həmid Karzai və onun qardaşlarının korrupsioner və qeyri-təmsilçi rejiminə resurs axıtmamalıydı. Ötən həftə Birləşmiş Ərəb Əmirliklərinə qaçmış, ABŞ-ın dəstəklədiyi Əfqanıstan prezidenti Əşrəf Qani 2009-cu ildə həmmüəllifi olduğu kitabda bu strategiyanın korrupsiyanı çiçəkləndirdiyini, məqsədinə çatmadığını sənədləşdirib. Amma elə Qani də hakimiyyətdə ikən eyni yolla getdi”, – müəllif yazır.
Buna da bax: AB əfqan miqrantları ‘qəbul etməyəcək’
Əfqanıstanda “Böyük Oyun” və yeni oyunçular
“Reuters” agentliyi isə Çin, Pakistan və Hindistanın Əfqanıstandakı yeni Böyük Oyunda yer almaq cəhdlərindən yazır.
“Rusiya və Britaniya imperiyaları 19-cu əsrdə Əfqanıstan uğrunda döyüşüb. Birləşmiş Ştatlar və Sovet ittifaqı 20-ci əsrdə buna gedib. İndi Taliban bu strateji, quruyla əhatələnmiş ölkəni yenidən ələ keçirincə Böyük Oyuna Pakistan nəzarət edir, onun müttəfiqi Çin isə regiondakı dayaqlarını möhkəmləndirməyə çalışır”, – təhlildə deyilir.
Pakistanın Talibanla əlaqələri dərindir, bu islamçı qruplaşmanı dəstəkləməkdə ittiham olunur. İslamabad ittihamları rədd edir. Taliban ötən həftə Kabili tutanda Pakistanın Baş naziri İmran Xan deyib ki, əfqanlar “köləlik buxovu”nu qırdılar.
Buna da bax: 'Taliban' qüvvələri kimdir?
Media yazır ki, Taliban hökumət modelini müzakirə etdikcə Pakistandan bəzi rəsmilər də danışıqlara qatılır.
Çin indiyədək Əfqanıstanda iştirak etməsə də Pakistanla güclü alyansı var və Talibana sülh əlini uzadıb. “Reuters” yazır ki, Çini şirnikləndirən Əfqanıstandakı nəhəng litium ehtiyatlarıdır. Litium elektrik avtomobillərinin əsas komponentidir. Çin həmçinin Karakoram dağlarından Pakistana aparan ensiz quru yolunun təhlükəsizliyinin gücləndirilməsini istəyir.
Pakistanın köhnə düşməni Hindistana gəlincə, bu ölkə bir ildən çoxdur Çinlə mübahisəli sərhəd üzündən hərbi qarşıdurma vəziyyətindədir. Hindistan Kabildə devrilmiş rejimi dəstəkləyirdi. İndi isə Pakistanla Çin Taliban Əfqanıstanında vacib oyunçulara çevrildiksə Nyu Dehlinin narahatlığı artır.