Ailəsinin beş üzvünü - anası, atası, azyaşlı qardaşı, bacısı və onun 3 yaşlı qızını öldürməkdə suçlanan Əhməd Əhmədov cəzadan azad edilib, onun məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verilib. Bu barədə oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində qərar çıxarılıb.
Məhkəmə Ə.Əhmədov haqqında çıxarılmış psixiatrik ekspertiza rəylərinə əsaslanıb. Mart və aprel aylarında keçirilmiş hər iki ekspertiza 25 yaşlı Ə.Əhmədovun "şizofreniya paranoid forma, hallüsinator-paranoid sindromla təzahür edən kəskin psixotrik hal" diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi haqda rəy verib.
Həm istintaq, həm də məhkəmə belə nəticəyə gəlib ki, hadisə törədiləndə Ə.Əhmədov anlaqsız durumda olub. Onun xəstəliyi hazırda da davam etdiyinə görə özü və ətrafı üçün təhlükəli sayılır. Bu üzdən məhkəmə cəzadan azad edilərək, ixtisaslaşdırılmış müalicə müəssisəsinə məcburi yerləşdirilməsi barədə qərar çıxarıb.
Prokuror da hakimlərə belə bir qərarın çıxarılmasını təklif edib. Cinayət nəticəsində həyatını itirən zərərçəkmişlərin hüquqi varisləri də buna etiraz etməyib. Yalnız Ə.Əhmədovun bacısının qaynı Rüstəm Niftəliyev məhkəmədə ifadə verərkən şikayətçi olduğunu deyib. O bildirib ki, qardaşının həyat yoldaşı və 3 yaşlı qızının qətlinə görə Ə.Əhmədova ömürlük həbs cəzası verilməsini tələb edir.
Məhkəmədə sənəd elan edilərkən məlum olub ki, Ə.Əhmədov haqqında 2016-cı ildə də Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin bir müddət sonra o işə xitam verilib.
Ə.Əhmədovun istintaqa ifadəsində iddia olunur ki, ailə üzvlərinin münasibəti onu qane etməyib.
Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib
Ə. Əhmədovun anası 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.
Ə.Əhmədov kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir. O, orta məktəbdə 9 il təhsil alıb. Lakin onun Moskva universitetinin məzunu olması barədə diplomu var.
Buna da bax: Ailəsinin qətlində ittiham olunan Əhmədin qapalı məhkəməsində onun ifadəsi açıqlanıb