Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar fonunda onun mətbuat katibi Aidos Ukibay tvitter hesabında “Elbası Nur-Sultandadır” yazıb. (Elbası – “millət lideri” )
"Elbası Qazaxıstanın paytaxtı Nur-Sultandadır. Xahiş edirəm, yalan və ya spekulyativ məlumat dərc etməyin. Elbası prezident Kasım-Jomart Tokayevlə məşvərətçi görüşlər keçirir və əlaqə saxlayır", - Ukibay yanvarın 8-də Tvitter hesabında yazıb.
Nazarbayev sonuncu dəfə 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı görünüb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Həm də indiyə qədər Qazaxıstandakı vəziyyəti şərh etməyib.
Ölkədə vəziyyət gərginləşdikcə internetdə Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Jurnalist Arkadi Dubnov öz Facebook səhifəsində Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanıldığını, keçmiş prezidentin isə Çində olduğunu yazıb.
Buna da bax: Rusiyada Qazaxıstanın varlığına hədələr səslənirYanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev əvvəllər Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına sədrlik edəcəyini bəyan edib.
Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən 2019-cu ilin martınadək başçılıq edib.
O 2015-ci növbədənkənar seçkidə 5-ci dəfə prezident seçilmişdi və rəsmi məlumata görə ona 98 faiz səs verilmişdi.
Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.
Bu, ona prezident postundan istefadan sonra da faktiki hakimiyyətini saxlamaq imkanı verirdi.
Qazaxıstanda Nazarbayevin şəxsiyyətinə pərəstiş təbliğ olunurdu. O özünə Elbası – “millət lideri” titulunu götürmüşdü.
Buna da bax: Qazaxıstan müxalifəti səsini ucaldır: ‘Biz terrorçu deyilik!’