Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) həbsdə olan fəal Elçin Həsənzadə barəsində qərarını yerinə yetirmədiyi deyilir.
E.Həsənzadənin yaxınlarının verdiyi məlumata görə, AİHM-nin qərarı qəbul etməsindən 3 ay keçib, amma ona hələ də təzminat ödənilməyib.
Bu ilin aprelində AİHM E.Həsənzadənin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin və qeyri-insani rəftarın qadağan olunması) maddəsində zəmanət verilən hüququnun pozulduğunu müəyyən edərək ona 7 min 500 avro təzminat verilməsi barədə qərar çıxarıb. Qərarın üç ay ərzində icra edilməli olduğu bildirilir.
Amma bu qərarın icra edilməməsi ilə bağlı deyilənlərə, hələlik, cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər buna qədər, bir qayda olaraq, AİHM qərarlarının icra edildiyini, yubanmaların aradan qaldırılacağını vurğulayıblar.
2008-ci il dekabrın 14-də E.Həsənzadənin bir etiraz aksiyasını işıqlandırarkən saxlandığı və onun polis bölməsində təzyiqlərə məruz qaldığı bildirilib. Amma Daxili İşlər Nazirliyi də, bir qayda olaraq, polis bölməsində saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri əsaslı saymır.
Bu il martın 2-də isə Şəki Apellyasiya Məhkəməsi E.Həsənzadəni və bloqer İbrahim Türksoyu böhtan, təhqir ittihamı ilə 8 ay azadlıqdan məhrum edib. İddianı Mingəçevirdə yerli məmurlardan biri verib.
Hər iki məhkumu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyırlar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.