Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli

Bu gün, martın 29-da Xətai rayon Məhkəməsi "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, vəsatət Ə.Məmmədlinin səhhəti ilə bağlı verilmişdi: "Qalxanabənzər vəzdəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında Ələsgər bəyin qan təzyiqi 160-a qalxıb. Ələsgər bəy müalicə olunmasını xahiş edir".

Vəkil məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV"nin əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittiham ilə razılaşmır, onu siyasi sifarişli hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayır.