İyulun 4-də Xətai rayon Məhkəməsində "ToplumTV işi" üzrə həbs olunmuş şəxslər barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.
III Respublika Platformanın spikeri Akif Qurbanovun, həmin platformanın qurucu üzvü Ruslan İzzətlinin və ToplumTV-nin redaktoru Müşfiq Cabbarın həbs müddəti 3 ay uzadılıb.
+++
ToplumTV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha 3 ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.
Vəkili Aqil Layıc bildirib ki, Ə.Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır. Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir.
Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ə.Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib.
Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.
İyulun 3-də Ə.Məmmədlidən başqa "ToplumTV işi" üzrə daha üç nəfərin - Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs-qətimkan tədbiri 3 ay uzadılıb.
Müdafiə tərəfi məhkəmənin qərarını əsassız sayır.
Xatırlatma
Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.