Qardaşı Nəsimi Məmmədli bildirir ki, həbsdə olan "Toplum" internet televiziyasının təsisçisi Ələsgər Məmmədliyə cərrahi əməliyyat lazımdır.
N.Məmmədli deyir ki, bu gün, avqustun 26-da Ə.Məmmədli ilə telefonla danışıb: "Boğulma halları qalıb və bu məsələdə heç bir pozitiv dinamika yoxdur. Qalxanabənzər vəzində olan şiş cərrahi əməliyyatla götürülməlidir. Amma indiki şəraitdə bu, təəssüf ki, məqsədəuyğun deyil".
Onun sözlərinə görə, həmin şişin olması qardaşının səhhətinə ciddi ziyan vurur: "Qan təzyiqi yenə gah yuxarı qalxır, gah aşağı enir, qardaşım başağrısından əziyyət çəkir".
Qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yaxınları bundan əvvəl də bir neçə dəfə Ə.Məmmədlinin səhhətindən narahat olduqlarını açıqlayıblar.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.