Yazıçı Elif Şafakın “10 dəqiqə 38 saniyə” (10 Dakika 38 saniye) adlı son romanı iyunda çapdan çıxıb. Roman çox keçmədən dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan Booker mükafatının 13 kitablıq namizəd siyahısına daxil edilib. Mükafatın qalibi oktyabrın 14-də açıqlanacaq.
“Özümü çox fərqli hiss etdim”
Son illərdə aparılan elmi işlərdə insan beyninin öldükdən bir müddət sonra da işləməyə davam etdiyi və bu müddətin 10 dəqiqə 38 saniyəyə qədər uzana bildiyi haqda məlumat verilir. Şafak bu romanda bu informasiyanın ardınca gedir və İstanbulda yaşayan Tekila Leyla adlı seks işçisinin ölümünün ardınca keçən 10 dəqiqə 38 saniyəyə fokuslanır.
Leylanın son dəqiqələri, Türkiyənin yaxın siyasi tarixi, qadın və LGBTI haqları, şəhər hafızəsi, ailə, dostluq, köç və fərqli olmaq kimi bir-birindən bəslənən və Türkiyədə az qala bütün həyatın ibarət olduğu elementlərlə bəzənir.
Elif Şafak Türkiyənin “Gazete Duvar” nəşrinə müsahibəsində kitabının Booker mükafatına namizəd olmasından qürur duydyğunu deyib.
“Əslində… azlıqlar mənim ədəbiyyatımın mühüm bir parçası olub. Etnik, mədəni, cinsi azlıqlar. Mən daim kənara atılmış, təklənmiş, marginallaşdırılmış insanların hekayətlərinə və eyni zamanda silinən hekayətlərə, yəni tariximizə diqqət ayırdım. Mərkəzdə duranların hekayətini danışmaqdansa, kənarda duranların hekayətini danışmaq qəlbimə… daha yaxın gəldi. Bunun bir qismi xarakterimdən, ancaq mühüm bir qismi də məncə, həyatımdan qaynaqlanır. Uşaqlığımdan bəri özümü o qədər çox fərqli hiss etdim ki! Xaricdə doğuldum, Strasburqdan Ankaraya gəldim. İki qadın yetişdirdi məni, anam və ana nənəm. Heç zaman səliqəli bir ailə mühitində böyümədim. Məsələn, atamı və onun ikinci evliliyindən olan qardaşımı çox gec tanıdım, 20 yaşlarımda. Daha sonra xaricdə oxudum, orada yeganə türk idim, yenə özümü fərqli hiss etdim. Qayıdanda özümü əcnəbi və ayrı hiss etdim. Bu səbəbdən fərqlilərin hekayətinə qulaq vermək mənim üçün yuxarıdan aşağı baxış deyil, mən o duyğuya çox bələdəm…“, – yazıçı deyir.
Buna da bax: Türkiyədə bir neçə yazıçı barədə cinayət işləri açılıbPərgarın iki ayağı
Şafak insanların bir yox, çox yerə aid olmasının mümkünlüyünə inanır:
“Buna görə mənə köksüz deyənlər də oldu. Məncə köklər cəmdədir, təkdə deyil. Yəni çox yerdən qidalanırıq… Pərgar bənzətməsini çox sevirəm: mənim ədəbiyyatımın bir ayağı …pərgarın sabit ayağı kimi mütləq İstanbula bağlıdır… Mədəniyyətimizdən, özəlliklə söz mədəniyyətindən, qadınların mədəniyyətindən, hekayətlərdən, keçmişdən, tarixdən, əfsanələrdən o qədər qidalanıram ki! Amma pərgarın o biri ayağı da, məncə, nəhəng bir dairə çəkə, bütün dünyanı dolaşa bilər. Ədəbiyyat eyni anda yerli və universal ola bilər“.
“Türkiyədən xaricə dəhşətli bir köç dalğası var. Bunun incələnməsi, araşdırılması lazımdır. Medalyonun o biri üzü isə beyin köçüdür. Təbii ki, bu bir ölkə üçün böyük itkidir. Türkiyə demokratiyanı və demokratiya ümidini itirdikcə beyin köçü sürətləndi… Xüsusən də son üç ildə Türkiyənin verdiyi beyin köçü bir qayda olaraq təbii fəlakətlərin, böyük daxili müharibələrin və yaxud böyük fəlakətlərin baş verdiyi ölkələrdən olan beyin köçünə yaxınlaşıb.
Buna da bax: Elif Şafak: Dil köçərisinin səyahətləriDigər yandan, bəlkə ümidverici olan odur ki, daha çox insan fərqli mədəniyyətlərlə tanış olur, fərqli dillər öyrənir, fərqli dillərdə özünü ifadə etmək durumunda qalır, bəlkə dünya vətəndaşı kimliyinə sahiblənir. Normal halda bəlkə asanlıqla bir-biri ilə çörək kəsməyəcək adamların xaricdə qürbət duyğusuyla, bəzən də sürgün duyğusuyla bir-birinə dəstək göstərmələrinə şahid olmaq çox maraqlı bir şeydir. Eyni universitetlərdə oxuyan tələbələr, məsələn, birinin başı bağlı, o biri sol görüşlü. Bunlara çox şahid oluram, çox da qiymətli sayıram. Xaricdəki türk vətəndaşlarının çeşidliliyi, xaricə getmə səbəbləri çoxaldıqca o dəstəyin də çoxaldığını görürəm.
…Bu da gözəl bir şeydir, amma son nəticədə, təbii ki, Türkiyənin demokratiyaya qovuşmasını istəyirəm. Bütün bu bəhs etdiyimiz beyin köçü əslində bununla bağlıdır. Nə qədər çox insan özünü istənməyən hiss edərsə, beyin köçü də o qədər sürətli olar“, – Şafak deyir.