Əlil: '9 il öncə tikilmiş binalar dağılır'

“Vaxtilə bu binaları tikəndə sementini, daşını oğurlayıblar, keyfiyyətsiz materiallardan istifadə ediblər. İndi də 5 aydır ki, ətrafını dayaqlarla örtüblər. Ancaq bu müddət ərzində burada bircə gün də təmir işi aparılmayıb”. Bunu Şamaxı rayonu Məmmədəmin Rəsulzadə küçəsində yaşayan Namiq Zəlimxanov deyir.

“EYVANLAR DAĞILIR”
9 il öncə bu ünvanda müharibədə həlak olanların ailələri və əlillər üçün yaşayış binaları inşa olunub. Qısa müddət keçməsinə baxmayaraq, binalar əsaslı təmir tələb edir. Buna görə də Şamaxı rayon icra hakimiyyəti onları taxta karkazlarla əhatələyib. Həmin ünvanda yaşayan 1-ci qrup Qarabağ əlili Namiq Zəlimxanov binaların belə tezliklə sıradan çıxmasını keyfiyyətsiz inşa olunmasıyla əlaqələndirir:

“Dağılıb gedir... 5 aydır gəlib ətrafını taxtalarla bağlayıb gediblər. Hərəsi 48 mənzilli 3 binadır. Yalandan karkazları qurublar, eyvanlar dağılır”.

“PENSİYAM İŞIQPULUNA GEDİR”
Ba.qa bir sakin - əlil Elçin Qulamovun da sözü var. O, istiliyin olmamasından gileylidir:

“Qazanxana tikilməyib. Qışda soyuqdan donuruq. Əlil adamlarıq, əlillik pensiyası ilə dolanırıq. Bütün qışı qızdırıcılardan istifadə etməli oluruq. Pensiyam qəpiyinə qədər işıqpuluna gedir. Bəh-bəhlə binanın açılışını edənlərin vəziyyətimizdən xəbəri yoxdur”.

Əlillər hesab edirlər ki, icra hakimiyyətinin binaları hasarlaması, sadəcə, görüntüdür. Məqsəd təmir deyil, yeyintidir, yoxsa çoxdan başa vurmuşdular.

Şamaxı rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, tezliklə binalarda bəzi kosmetik işlər aparılacaq və ətrafları abadlaşdırılacaq. Qurumdan deyilənə görə, binalarda elə də ciddi problem yoxdur.