Azərbaycan prezidenti Türkiyə prezidenti ilə danışıb

R.T.Ərdoğan və İ.Əliyev

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.

Vurğulandığına görə, Prezident İ.Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib. O, ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistanla Azərbaycan arasında işçi qrupunun, sərhədlərin delimitasiyası üzrə kommissiyanın yaradılması barədə əldə olunmuş qərarları qeyd edib.

Vurğulandığına görə, Prezident R.T.Ərdoğan da, öz növbəsində, əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər

Ermənistanda hökumətin iclası…

AzadlıqRadiosunun erməni xidməti-"Azatutuyun"un isə aprelin 7-də yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan həmin gün hökümətin iclasında Azərbaycanla danışıqlara aid bunları deyib: "Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatı, onun hüquq və azadlıqlarının müdafiəsi, həmçinin Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi sülh gündəminə erməni tərəfindən cavab olaraq daxil edilib və danışıq predmetinə çevrilməlidir".

Brüsseldə olanlar…

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş keçirib.

Ş.Mişel üçtərəfli görüşdən sonra bəyanat yayıb. Bəyanata görə, prezident Əliyev və baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini dilə gətiriblər. Qeyd edildiyinə görə, bu məqsədlə bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

Ş.Mişel Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi üçtərəfli görüş barədə jurnalistlərə açıqlama da verib. Onun bildirdiyinə görə, qərara alınıb ki, delimitasiya kimi həssas məsələylə məşğul olmaq üçün qarşıdakı bir ayda birgə komitə yaradılsın.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.