Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a bildirib.
"Avropa Siyasi Birliyinə ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklif olunmuşdu... Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk", - Hacıyev vurğulayıb.
Baş nazir Paşinyanın Londonda prezident Əliyevlə görüşdən imtina etməsi ilə bağlı deyilənləri "Turan"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) də təsdiqləyiblər.
Yerevandan reaksiya
"Ermənistan tərəfi Böyük Britaniyada başlayan Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin ikitərəfli görüşünün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib". Bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan prezidentinin köməkçisinin açıqlamasına cavabında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin təklifi hələ qüvvədədir.
"Ermənistan tərəfi yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini bir daha təsdiqləyir", - məlumatda bildirilir.
İlham Əliyev İngiltərəyə gedib
Bu gün, iyulun 18-də Azərbaycan prezidenti İlham Əliyev Londona gedib. O, Avropa Siyasi Birliyinin dördüncü zirvə toplantısında iştirak edəcək.
+++
AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, Ermənistan və Azərbaycan liderləri Avropa Siyasi Birliyinin iyulun 18-də Londonda keçiriləcək dördüncü sammitinə dəvət olunublar.
"Azatutyun"un məlumatına görə, baş nazir Nikol Paşinyan artıq Londona yola düşüb.
"Turan" qeyri-rəsmi mənbələrə istinadla yazıb ki, London sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü baş tuta bilər.
Bundan əvvəlki sammitlər
2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı Şurası tərəfindən yaradılmış Avropa Siyasi Birliyi indiyədək üç sammit keçirib.
Bu sammitlərin çərçivəsində Əliyev və Paşinyan arasında iki dəfə görüş olub.
2022-ci ildə Praqada keçirilən ilk sammitdə tərəflər 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.
Əliyev və Paşinyan ikinci dəfə Kişinyov sammiti çərçivəsində görüşüblər. Lakin Əliyev ötən ilin oktyabrında Qranadada keçirilən sammiti boykot edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.
Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.