Paşinyanla Əliyev iyulun 15-də görüşəcəklər

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlara ev sahibliyi edir. 14 may 2023-cü il.

Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə iyulun 15-də görüşəcəklər.

Bunu Paşinyan iyulun 13-də hökumətin iclasında deyib.

"Bu görüşdə iştirakımı təsdiqləmişəm. Görüşdə sülh müqaviləsi ilə bağlı danışıqlarda irəliləyişə nail olmağa ümid edirəm", – o bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir gün öncə deyirdi ki, Paşinyan-Əliyev görüşü nəzərdə tutulan vaxtdan tez keçirilə bilər.

İki ölkə liderinin görüşü ilkin olaraq iyulun 21-nə planlaşdırılmışdı.

+++

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında iyulun 21-də Brüsseldə nəzərdə tutulan görüş daha əvvəl baş tuta bilər.

Bunu "Amerikanın Səsi"nə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Prezident İ.Əliyev iyulun 11-də deyib ki, yaxın günlərdə Ermənistanla sülh müqaviləsi ilə bağlı yüksək səviyyəli danışıqlar aparılacaq.

Əliyevin sözlərinə görə, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. O bildirib ki, bu ilin mayında Ermənistan artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlər daxil olmaq şərtilə rəsmən tanıyıb: "Sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın".

İyunun 1-də Kişinyovda danışıqlardan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel demişdi ki, Ermənistan baş naziri və Azərbaycan prezidentinin üçtərəfli formatda növbəti görüşü iyulun 21-də Brüsseldə baş tutacaq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.