Azərbaycan prezidenti İlham Əliyev "Şimal-Cənub" dəhlizi çərçivəsində növbəti layihəni açıqlayıb.
Bu barədə o, aprelin 22-də Moskvada rusiyalı həmkarı Vladimir Putin ilə Baykal-Amur Magistralının (BAM) veteran inşaatçıları ilə birgə görüşdə bildirib.
İ.Əliyev Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolunun olduğunu xatırladıb: "Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək".
"Bu gün (aprelin 22-də) Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq", - Azərbaycan dövlət başçısı əlavə edib.
Əliyev və Putin təkbətək görüşüb
"Rusiya Qafqazda regional təhlükəsizlik və daha geniş coğrafiya baxımından fundamental ölkədir". Bunu aprelin 22-də Moskvada rusiyalı həmkarı ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
O əlavə edib ki, danışıqların gündəliyi çox genişdir, digər məsələlərlə yanaşı, nəqliyyat təhlükəsizliyi və ticarətin stimullaşdırılması üçün qlobal əhəmiyyət kəsb edən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin müzakirəsi planlaşdırılır.
İki ölkə arasında ticarət dövriyyəsinin artmasına diqqət çəkən Vladimir Putinin sözlərinə görə isə, o, ötən il 4 milyard dolları ötüb, Rusiya investisiyalarının həcmi də 6 milyard dollar qiymətləndirilir.
"Bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından vəziyyət haqqında danışaq, burada çoxlu suallar var, onlar çox həssasdır...", - Rusiya lideri görüşün əvvəlində bildirib.
Azərbaycan prezidenti İ.Əliyev bu gün, aprelin 22-də Rusiyaya işgüzar səfərə gedib.
Bu səfər ərəfəsində Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına (onun müddəti gələn il başa çatırdı) başlandığı açıqlanıb.
2022-ci ildə Əliyev ilə Putin arasında "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. 43 maddədən ibarət olan sənəddə siyasi, iqtisadi və bir çox başqa sahələr üzrə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.