İlham Əliyev ABŞ-ın region üzrə səfirlərini qəbul edib

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi köməkçisinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-n xəbərinə görə, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı ABŞ səfiri Linn Treysi daxildir.

Xəbərdə qeyd edildiyinə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Habelə vurğulandığına görə, söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Həmçinin qeyd edildiyinə görə, görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Buna da bax: Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşüb

Ukraynaya görə Azərbaycana təşəkkür

Görüşlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayıb.

Həmin məlumatda da qeyd edilir ki, Dövlət katibi köməkçisinin müavini xaanım Olson ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığının davamlı əhəmiyyətini, ölkəsinin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqliyini vurğulayıb.

Səfirliyin məlumatında habelə bildirildiyinə görə, onlar həm də Azərbaycana Ukraynaya verdiyi humanitar yardım və göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər:

“Putinin seçimi olan bu müharibə bütün ölkələrin təhlükəsizlik və rifahını şübhə altına qoyur.”

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

Təcavüz nəticəsində milyonlarla dinc Ukrayna vətəndaşı qaçqın düşüb, mülki insanlar, uşaqlar həlak olub. Tərəflərin hərbi itkiləri də artmaqdadır.

Ənənəvi tədbir

Dünən, aprelin 26-da isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul etmişdi.

Bakıda ABŞ-ın bölgə səfirlərinin aprelin 27-i və 28-də konfransının keçiriləcəyi açıqlanıb.

Bu kimi missiya rəhbərlərinin konfransları hər il keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib.

ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019, 2018 illərdə keçirilən konfransları təşkil etmişdilər.

COVID-19 səbəbindən 2020-ci ildə belə konfrans keçirilməmışdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan (Rusiya, Azərbaycan və Ermənistan arasında) bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən həmin görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb.

Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirdiyini bildirmişdi.