Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

Azerbaijan -- MP Elman Nasirov

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) azərbaycanlı deputat Elman Nəsirovun dedikləri ilə bağlı açıqlama verib. Qurumun rəsmi saytında yayımlanan bəyanatda yazılırki, azərbaycanlı deputatın dedikləri həqiqətə uyğun deyil:

“Bəyan edirik ki, Əfqan Muxtarlının işində Gürcüstan Təhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində bunları demişdi:

“ Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var…”

Xatırlatma

Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman journalisthüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.