Elmar Hüseynov anıldı

Elmar Hüseynov

-

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 11 il ötür.

Martın 2-də jurnalistlər, siyasilər, söz azadlığı tərəfdarları mərhum jurnalistin məzarını ziyarət ediblər.

Ziyarətə gələnlər arasında Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, «NİDA» Vətəndaş Hərəkatının üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri olub.

Ziyarət zamanı çıxış edənlərdən «Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, Elmar Hüseynov hər zaman ölkədə idarəetmənin yanlış olduğunu yazırdı. Belə idarəetmənin pozitiv nəticələrinin olmayacağını bildirirdi. «Biz onun yazdıqlarının doğrulduğunu müşahidə edirik», - deyə Mehman Əliyev qeyd edib.

Digər çıxış edənlər Elmar Hüseynovun xatirəsinin heç zaman unudulmayacağını bildirərək, ona rəhmət diləyiblər.

Elmar Hüseynov 1967-ci ilin iyulun 17-də Bakıda doğulub. O, jurnalist fəaliyyətinə 1995-ci ildə «Zerkalo» qəzetində başlayıb.

1996-cı ildən tənqidi məzmunlu «Monitor» jurnalının çapına başlayıb.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.