İşçi Masasından üçüncü gəncin həbs edildiyi deyilir

A.İsrafilov

Avqustun 12-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

"Demokratiya-1918” Hərəkatının sədri Əhməd Məmmədlinin verdiyi məlumata görə, A.İsrafilov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur.

Onunla bağlı, hələlik, rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Bir həftə öncə, avqustun 7-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin digər üzvü Elvin Mustafayev həbs edilmişdi.

İşçi fəala 4 ay həbs verilib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

Bu barədə "Turan"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib. Onun sözlərinə görə, "Mustafayev əməlini etiraf edib".

Amma onun yaxınları bu "etiraf"a şübhəli yanaşırlar.

E.Mustafayev

Konfederasiyanın bir üzvü də saxlanılıb

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev də saxlanıb.

Yaxınlarının verdiyi məlumata görə, E.Mustafayevin saxlanmasından artıq 48 saat ötsə də, rəsmi orqanlar qanunvericiliyə zidd olaraq onun barəsində heç bir məlumat yaymayıblar.

Bu məsələ ilə bağlı AzadlıqRadiosuna danışan "Demokratiya-1918" Hərəkatının (D-18) sədri Əhməd Məmmədli də deyib ki, E.Mustafayev avqustun 4-də günorta saatlarında saxlanılıb: "Bizim bildiyimizə görə, onu Bakı Şəhər Baş Polis İdarəsində saxlayırlar. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir".

Avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olmuşdu. Kuryerlər yeni qanunvericiliyə əsasən, onlardan sürücülük vəsiqəsi tələb olunması və bu üzdən polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz etdiklərini bildiriblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

"Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb", – Ə.Məmmədli əlavə edib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da həmin aksiyadan sonra saxlanılaraq 30 sutkalıq həbs olunub. DİN-in mətbuat xidmətinin məlumatına görə, borc öhdəliyindən yayındığına görə axtarışda olan A.Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb: "Onun barəsində toplanmış materiallara baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib".

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasını 2022-ci il martın 1-də bir qrup işçi fəal təsis edib.

2022-ci ilin sonunda "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan çox olan mopedlərin istifadəçiləri sürücülük vəsiqəsi almalıdırlar.