İyulun 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2015-ci ildə Azərbaycan vətəndaşlığından məhrum edilən Emin Hüseynovun işi ilə bağlı qərar elan edib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Hüseynov hazırda Avropada yaşayır.
O, Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozulduğunu bildirir, hökumətin onu vətəndaşlıqdan imtinaya məcbur etdiyini iddia edirdi.
AİHM ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib, amma Konvensiyanın 10, 13 və 18-ci maddələri üzrə iddiaları incələməyə ehtiyac duymayıb.
Onu Azərbaycan vətəndaşlığından məhrum edən qərarın ləğvi, vətəndaşlığa bərpa olunmasına gəlincə, AİHM "Azərbaycanla bağlı hər hansı ümumi və ya fərdi tədbirə ehtiyac olmasını vurğulamağı uyğun hesab etmir".
Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4 min 500 avro ödəməlidir.
Xatırlatma
2014-cü ildə qeyri-hökumət təşkilatlarına qarşı başlanan cinayət işi çərçivəsində E.Hüseynov da həbs təhlükəsi ilə üzləşib. Bir sıra bəzi hüquq müdafiəçisi kimi, ona qarşı da qanunsuz fəaliyyət, vergidən yayınma və başqa ittihamlar irəli sürüldüyü bildirilib. Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyinə sığınıb. 10 ay səfirlikdə qalan Hüseynovun 2015-ci ildə Azərbaycanı tərk etdiyi bildirilir.
Prezident İlham Əliyev isə bir il sonra deyib ki, Hüseynov özü məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib və bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib.
Hüseynov Bakıdan İsveçrənin Xarici İşlər naziri Didye Burkhalterin təyyarəsi ilə çıxıb. Onun ölkədən iki ölkə arasında uzun danışıqlar nəticəsində çıxarıldığı qeyd olunub.