Reportyor, keçmiş diplomat həbs ediliblər

Emin İbrahimov

Reportyor həbs edilib

Reportyor Nurlan Qəhrəmanlı sentyabrın 21-də 30 sutka həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) ilə ittiham edilib. Qərarı Yasamal Rayon Məhkəməsi çıxarıb.

Qəhrəmanlının yaxınları bildiriblər ki, onu sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən mülki geyimli şəxslər zorla aparıb:

"İnternet provayderi adından gələrək Nurlanı çağırıblar. Nurlan çıxan kimi qollarını buraraq tutub aparıblar".

Məhkəmədə Nurlan Qəhrəmanlı jurnalistlərə bildirib ki, mənəvi və fiziki təzyiqə məruz qalıb, bədənində xəsarət izləri var.

Amma bu iddialara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Keçmiş diplomat Emin İbrahimov inzibati qaydada həbs olunub.

Bu barədə onun vəkili Aqil Layıc bildirib. Onun verdiyi məlumata görə, E.İbrahimov sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə 30 sutka həbs olunub.

Sentyabrın 20-də digər fəal Əmrah Təhməzovun da 30 sutka müddətinə həbs olunduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, o da İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilib.

Hər iki fəalın həbsinə səbəb kimi onların son günlər keçirilən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə yazdıqları statuslar göstərilir.

Hər iki şəxsin həbsi və yaxınlarının fikirləri ilə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son günlər olanlar...

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin Qarabağ regionundan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Döyüşlərdə hər iki tərəfdən itkilər olduğu bildirilir.

Sentyabrın 20-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.