Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-qərbində baş verən zorakılıqları müzakirə etmək məqsədilə bu ayın sonlarında Rusiyada prezident Vladimir Putinlə görüşəcək.
Bu barədə məlumatı iki Türkiyə rəsmisinə istinadən Reuters agentliyi yayıb.
Suriyanın sözü gedən bölgəsində Moskva və Ankara qarşı duran qüvvələri dəstəkləyirlər.
Türkiyə burada, Suriya müxalifətinin son istehkamı olan İdlib qəzasında Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan qüvvələrə dəstək verir.
Rusiya isə 2015-ci ildə Suriyaya hərbi müdaxilə etdikdən sonra prezident Əsədin rejimini müdafiə edir.
Reuters yazır ki, hər iki tərəf 18 ay bundan əvvəl imzalanmış atəşkəs razılaşmasının pozulmasından şikayətlənir.
Türkiyə ötən şənbə günü bu bölgədə iki əsgərinin öldürüldüyünü xəbər verib.
Buna da bax: Ermənistan deputatları Ərdoğanın təklifinə reaksiya verirlər“Suriyada daha bir sabitsizlik baş verməməlidir”
Adının çəkilməməsi şərtilə danışan Türkiyə rəsmisi deyib ki, Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan görüşdə gündəliyin əsas mövzusu Suriya, daha dəqiq deyilərsə, İdlib olacaq.
Həmin rəsmi, İdlib razılaşmasının hələ də tam icra edilmədiyini vurğulayıb.
2020-ci ilin martında imzalanmış atəşkəs razılaşmasından əvvəl Türkiyə və Rusiya birbaşa toqquşma həddinə çatmışdlar.
Başqa bir vəzifəli Türkiyə rəsmisi isə Reuters agentliyinə deyib ki, Suriyada daha bir sabitsizlik baş verməməlidir.
Ərdoğanın Rusiyaya planlaşdırılan ikigünlük səfərindən əvvəl Türkiyə prezidenti gələn həftə BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka yola düşəcək.
Bu səfərlərin heç birinin dəqiq tarixi göstərilmir.
Buna da bax: Qərbli ekspert: ‘Bu hər iki ölkə üçün reputasiya baxımından ciddi hadisədir’Həm rəqabət, həm ticarət
Reuters yazır ki, Suriya və Liviya münaqişələrində Rusiya və Türkiyə qarşı duran tərəfləri dəstəkləsələr də, Moskva və Ankara arasında müdafiə, enerji və turizm sahələrində sıx əməkdaşlıq mövcuddur.
NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raket sistemi alması Türkiyə müdafiə sənayesi üzərinə ABŞ sanksiyalarının qoyulması ilə nəticələnib.
Reuters-in müsahibi olan hər iki Türkiyə rəsmisi Ərdoğanla Putin arasında bu məsələnin, habelə enerji layihələrinin və turizmin müzakirə oluna biləcəyini deyib.
Xəbərdə deyilir ki, Ankara və Moskva habelə ötən il Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə rəqib olublar.
Rusiya bu münaqişədə Türkiyənin dəstəklədiyi Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsinə nail olub. Bununla yanaşı Türkiyəyə atəşkəsin monitorinqində iştirak imkanı verilib.
Bundan başqa Türkiyə bu ilin əvvəllərində Ukraynaya, daha sonra isə NATO üzvü Polşaya dronlar satmaqla Rusiyanı qəzəbləndirib.
Rəsmi bildirib ki, Soçi danışıqlarında həm Dağlıq Qarabağ, həm də dron məsələləri müzakirə oluna bilər.