Nazir: Səkkiz kəndin məsələsinə baxılacaq

Ceyhun Bayramov

"Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz". AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair dekabrın 28-də keçdiyi mətbuat konfransında bildirib.

Delimitasiya komissiyasının iclası zamanı səkkiz kəndin məsələsinə baxılacağını söyləyən nazir sonra da deyib: "Amma o kəndlərin də spesifikaları var. Onlardan dördü anklav kəndlərdir, dördü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Qazaxdakı ermənilər kəndlərin qaytarılmasına qarşı çıxdı: 'Yollara nəzarəti itirəcəyik'

Azərbaycan səkkiz, Ermənistan isə dörd kəndinin işğal altında olduğunu bildirir.

Bu məsələyə bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan da toxunub. O bu məsələlərin həll yolundan biri kimi anklavların dəyişdirilməsini göstərib.

İki ölkənin delimitasiya komissiyalarının son iclası bu il noyabrın 30-da keçirilib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.