Bugün, mayın 24-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bu, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində iki ölkə arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş olub:
“Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.”
Məlumata görə, tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.
Bildirildiyinə görə, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüşmüşdü.
Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.
Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər. Elə həmin gün prezident Əliyev türkiyəli həmkarı Recep Tayyib Erdoğana telefon zəngində deyib ki, Brüssel görüşündə “Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflər razılığa gəliblər”.
Amma öz növbəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 24-də “Armenpress” agentliyinin sualına cavabında bir daha ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini deyib. Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən dəhliz məntiqi ilə yol, yaxud nəqliyyat marşrutu ola bilməz.
“Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasıyla əlaqədardır...”, – Qriqoryan deyib.
Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə (Azərbaycanın Laçın rayonundan keçir) və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.