Ermənistanın baş naziri Nikol Paşinyan bu gün - martın 12-də deyib ki, Tavuş vilayətinin hansısa kəndinin Azərbaycana verilməsi söhbəti heç vaxt olmayıb, olmayacaq da.
"Hər dəfə Azərbaycan mətbuatında bu kəndlərin adları çəkilir, Ermənistan ərazisində heç vaxt belə adlarla kəndlər olmayıb", - Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri etiraf edib ki, Azərbaycanın qaytarılmasını tələb etdiyi dörd kənd – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Almatı Bəyannaməsinə görə, de-yure Ermənistan ərazisi deyil.
Azərbaycanın bu kəndləri 1990-cı illərdən bəri Ermənistanın nəzarətindədir.
AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun" yazır ki, Ermənistan və Gürcüstan arasında dövlətlərarası yol və Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir.
Paşinyan deyib ki, sözügedən kommunikasiyaların de-yure Ermənistan ərazisinə düşməsi üçün onların yenidən qurulmasına ehtiyac var. "Bu səbəbdən yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Ermənistandakı bütün kommunikasiyaların onun ərazisindən keçdiyinə əmin olmalıyıq ki, bizim bu sahədə problemimiz olmasın", - Ermənistan baş naziri əlavə edib.
Baş nazir delimitasiyanın Tavuş ərazisindən başlanacağını da istisna etməyib.
Azərbaycanla ərazilərin dəyişdirilməsinə gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: "Bu, təhrif oluna və ya əlavə risklərə səbəb ola bilər".
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin üç prinsip əsasında demarkasiyası Yerevan üçün prioritetdir. Həmin prinsiplər isə bunlardır: Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü 1991-ci il Almatı bəyannaməsi əsasında tanısın. Almatı deklarasiyası sərhədlərin demarkasiyası üçün siyasi əsas olsun və yeni sərhədlər yaradılmasın. Regional kommunikasiyalar suverenlik, yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplər əsasında açılsın.
Bakı Ermənistanın dörd kənddən çıxmasını tələb edir, Yerevan...
Martın 7-də sərhəd komissiyalarının görüşündən ikicə gün sonra rəsmi Bakı bildirib ki, Ermənistanın işğal etdiyi dörd eksklav olmayan kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Bu barədə Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın rəhbəri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisi məlumat yayıb. Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan dörd eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
AzadlıqRadiosunun erməni xidməti –"Azatutyun" yazır ki, Azərbaycan da 1990-cı illərin əvvəlində Ermənistanın daha böyük anklavını, eləcə də sərhəd icmalarına məxsus kənd təsərrüfatı sahələrini tutub.
Ermənistan hökuməti bildirir ki, beynəlxalq miqyasda tanınmış ərazisinin 200 kvadrat kilometri hazırda Azərbaycanın nəzarətindədir, Azərbaycan anklavlarının həmin ərazilərə dəyişdirilməsinin, digər kompromis həll variantlarının müzakirəsinə hazırdır.
Ş.Mustafayevin ofisi isə bildirib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etməyib, dörd kəndin "dərhal azad olunması" isə tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasına başlamazadan öncə baş verməlidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xəritə mübahisəsi
Yerevan sərhədlərin müəyyənləşdirilməsi üçün keçmiş sovet hərbi xəritələrindən istifadədə israrlıdır. Azərbaycan prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakı bu təklifi rədd edir, çünki bu xəritələrdən istifadə olunması Ermənistana sərf edir, "məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi".
Sərhəd mübahisəsi hazırda Azərbaycanla Ermənistanın sülh sazişi imzalanmasında əsas əngəl sayılır. Xarici işlər naziri Ararat Mirzoyan ötən həftəsonu Türkiyə dövlət televiziyasına müsahibəsində deyib ki, Bakı 1991-ci il Almatı bəyannaməsinə hər hansı istinada qarşı çıxır. Həmin sənəd yeni yaranmış keçmiş sovet respublikalarının sovet dövrü sərhədlərini təsdiqləyirdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib, separatçı rejim buraxılıb, liderləri saxlanaraq Bakıya gətirilib. Bakı ilə Yerevan sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.