Paşinyan: 'Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb'

Nikol Paşinyan

"Planlarımıza Azərbaycanla sülh sazişinin imzalanması və münasibətlərin tənzimlənməsi və Türkiyə ilə əlaqələrin nizamlanması daxildir". Bunu Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 30-da Milli Assambleyada 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onu da qeyd edib ki, hökumətində bunun asan olmayacağını anlayırlar.

Ermənistanın baş naziri deyir ki, bu plan üzrə irəliləyiş ölkəsinin dövlət maraqlarına cavab verir.

"Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülhün üç əsas prinsipi razılaşdırılıb. Tərəflər bu razılaşdırılmış prinsiplərə sadiqliyi qoruyub saxlasalar, sülh sazişinin imzalanması və münasibətlərin tənzimlənməsi reallaşacaq", – Paşinyan vurğulayıb.

Paşinyan üç prinsipin mahiyyətini də açıqlayıb. Bunlar tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, dövlət sərhədinin Almatı deklarasiyası əsasında delimitasiyası və demarkasiyası, bütün regional kommunikasiyaların açılmasıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan üçün Zəngəzur dəhlizi 'qırmızı xətlərin ən qırmızısıdır': Yeni müharibə təhlükəsi varmı?

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son illər sülh danışıqları Aİ, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə davam edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib.