Ermənistan polisi 300 saxlanmış etirazçının əksəriyyətini sərbəst buraxıb
Ermənistan polisi mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyasına çıxmış 300-dək etirazçını saxlayıb. Keşiş və tərəfdarları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Polis paytaxt Yerevanda küçələri bağlamağa cəhd göstərən etirazçıları saxlayırdı. Son məlumata görə polis Yerevandakı bütün küçələri açıb və nəqliyyatın hərəkətini bərpa edib.
Ermənistan polisinin rəhbəri Aram Hovannisyan etirazçıları “özlərini xuliqan kimi aparmaqda” günahlandırıb.
Polis bunu da bildirir ki, saxlanmış 284 nəfərdən 278-i artıq sərbəst buraxılıb.
Saxlananların arasında Daşnaksutyun partiyasından iki deputatı da vardı. Onlardan biri – Aşot Simonyan öz maşını ilə küçəni bağlamağa cəhd göstərmişdi.
Sərdarabad memorialı
Bu arada Qalstanyanın özü yüzədək tərəfdarı ilə Yerevanın mərkəzindən keçərək şəhərin 50 kilometrliyindəki I Dünya Müharibəsi abidəsinə - Sərdarabad kompleksinə yollanıb.
Keşişin sözlərinə görə onlar gecəni burda keçirib, səhər birinci Ermənistan Respublikasının 106 illiyini qeyd edəcəklər.
Mayın 28-də bütün Ermənistan boyunca Respublika Günü qeyd olunur. Rəsmi mərasim ənənəvi olaraq Sərdarabad memorialında keçirilir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qalstanyan və tərəfdarlarının Nikol Paşinyanın və başqa rəsmilərin bura gəlişinə mane olub-olmayacaqları bilinmir.
Ermənistanın iqtidar mediası qeyd edir ki, mayın 26-da etiraz aksiyasında iştirak edənlərin sayı mayın 9-da olduğundan az olub.
"Vətən naminə Tavuş" müxalifət hərəkatı Ermənistanın baş naziri postuna Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini irəli sürüb. Bunu Yerevanda keçirilən mitinqdə çıxışı zamanı təşkilatın liderlərindən biri Qurqen Melikyan deyib.
"4 May" hərəkatının fəalları Azərbaycanla həmsərhəd Kirants kəndindən yürüşə başlayıblar. Onlar mayın 9-dan Yerevanda, habelə ölkənin regionlarında mitinqlər və itaətsizlik aksiyaları keçirirlər.
Azərbaycanla sərhədin delimitasiyası prosesi ilə razılaşmayan hərəkat iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin yaradılmasını tələb edirlər.
Bazar günü, mayın 26-da etirazçılar hökumət daçaları kompleksinə gəliblər. Qalstanyan mitinqdə Paşinyan ilə görüşü gözləyəcəyini bildirib. Daha sonra onlar şəhərin mərkəzinə qayıdıblar.
N.Paşinyan mayın 26-da ölkənin şimalında daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib. Daşqın nəticəsində ölənlər, itkin düşənlər var.
Baş nazir Paşinyanın istefasını tələb edən hərəkatın lideri, arxiyepiskop Qalstanyan ikili vətəndaşlığı olduğu üçün, Konstitusiyaya görə, namizədliyini irəli sürə bilməz. O, Kanada vətəndaşlığından imtina etsə belə, namizədliyi qanunla təsdiqlənə bilməz. Müxalifət buna ictimai təzyiqlə nail olmaq istəyir. Hakimiyyət isə hesab edir ki, Paşinyan hökumətinə ictimai təzyiq yoxdur və Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat zəifləməkdədir.