Ermənistanın yeni konstitusiyası ilə bağlı Azərbaycanın tələb etdiyi referendum 2027-ci ildə keçiriləcək. Bunu ədliyyə naziri Qriqor Minasyan avqustun 29-da deyib.
"Yeni razılaşmaya uyğun olaraq konstitusiya referendumu 2027-ci ilə planlaşdırılır. Bu o deməkdir ki, bu mürəkkəb sənəd üzərində detallı işləyəcəyik, tələsmədən ictimai müzakirələr aparacağıq, həmçinin bütün mütəxəssislərlə çalışacağıq", – nazir jurnalistlərə bildirib.
Minasyan baş nazir Nikol Paşinyanın ölkə konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı yaratdığı Konstitusiya İslahatı Şurasının başçısıdır. Şuraya dövlət rəsmiləri, hökumətyönlü siyasətçilər, iki qeyri-hökumət təşkilatının liderləri daxildir.
Bakının tələbi
Paşinyan bu ilin mayında şuranın mandatını dəyişərək deyib ki, qurum 2027-ci ilin yanvarınadək yeni konstitusiya hazırlamalıdır.
Bu arada Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasından ötrü konstitusiyanın dəyişdirilməsini əsas tələb kimi qoyur, mövcud sənəddə Azərbaycana ərazi iddialarının olduğunu bildirir.
Bakı özəlliklə konstitusiyanın preambulunun dəyişdirilməsini tələb edir. Həmin hissədə Ermənistanın 1990-cı ildə müstəqillik elan etdiyi vurğulanır, həmçinin 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Sovet Ermənistanın birləşdirilməsi aktından söz açılır. Bakının istəyinin yerinə yetirilməsinin yeganə yolu referendum yoluyla tamamilə yeni konstitusiya qəbul etməkdir.
Paşinyan və komandası yeni konstitusiyanı Azərbaycanın təzyiqi altında qəbul etməyə çalışması barədə müxalifətin iddialarını rədd edir. Ancaq baş nazir fevralda deyib ki, 1990-ci il bəyannaməsi Ermənistan konstitusiyasında qaldıqca Azərbaycanla sülh mümkün deyil.
Dəyişikliyə qarşı çıxanlar
Konstitusiya İslahatı Şurasının üzvü, siyasətçi Edmon Marukyan avqustun 1-də açıq şəkildə yeni konstitusiyaya qarşı olduğunu deyib. Marukyanın sözlərinə görə, Bakı bu məsələdən sülh sazişini imzalamaqdan yayınmaq üçün istifadə edir, istənilən halda "Ermənistana yeni tələblər irəli sürməyə davam edəcək".
Şuranın üzvü olan iki fəal da bildiriblər ki, yeni konstitusiya qəbul olunsa belə, orada 1990-cı il bəyannaməsindən söz açılmalıdır. Amma AzadlıqRadiosunun erməni xidməti yazır ki, etirazçıların sayı Paşinyanın qərarını dəstəkləyə biləcək hökumət qurumunun digər üzvlərindən azdır.
Bu ilin aprelində Ermənistan Azərbaycanın dörd kəndini qaytarmağa razılaşıb. Ermənistan müxalifətinin liderləri bu addımı kəskin tənqid edərək deyiblər ki, bu, Bakını Yerevandan daha çox güzəşt istəməyə həvəsləndirir.