Ermənistan KTMT üzvləri xilasedicilərin sentyabrın əvvəlində Belarusda keçiriləcək “Qaya-2023” xüsusi təlimində iştirak etməyəcək.
“Ermənistanın Qaya-2023 təlimlərində iştirakı nəzərdə tutulmayıb”, – Rusiyanın “İnterfaks” informasiya agentliyi Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yazır.
Nazirlik qərarı “DİN xilasedici xidməti əməkdaşlarının peşəkar baxımdan yüklənməsi” ilə izah edib.
“Qaya-2023” təlimləri sentyabrın 1-dən 6-dək keçirilməlidir. Təlimin mövzusu – radiasiya qəzasının fəsadlarının aradan qaldırılmasıdır.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.
Buna da bax: Ermənistan KTMT-nin iclasına qatılmayıb, Paşinyan Zaxarovanı acılayıbYerevanın KTMT-dən incikliyi
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il noyabrın 23-də KTMT-nin Yerevan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. O, Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtinasına görə kəskin tənqid edib.
Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
2023-cü ilin yanvarında isə Ermənistan öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etdiyini açıqlayıb, “yaranmış vəziyyətdə təlimlərin keçirilməsini məqsədəuyğun saymayıb”. Bundan sonra KTMT bəyan edib ki, sözügedən manevrlər başqa bir üzv ölkənin ərazisində keçirilə bilər.
Moskva isə Yerevanın qərarını belə şərh edib ki, Ermənistan Rusiyanın “ən yaxın müttəfiqi” olaraq qalır və Yerevanla dialoq davam etdiriləcək.