Paşinyan: 'KTMT bel bağlanası mexanizm deyil'

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib.

Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib ki, KTMT 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumu zamanı (Azərbaycan bunu inkar edir) sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb: "Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb".

Onun sözlərinə görə, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil.

"Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur".– Paşinyan bildirib.

Buna da bax: Paşinyan: 'Rusiya ilə münasibətlərimizdə səhv etməmişik'

Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində Azərbaycandan Ermənistan ordusunun islahı və modernləşdirilməsi ilə bağlı bəyanatların ölkəsində yaratdığı narahatlıqdan danışıb. Baş nazirin sözlərinə görə, heç bir ölkə başqa ölkənin döyüşə hazır orduya malik olmaq hüququna etiraz edə bilməz: "Döyüşqabiliyyətli ordunun olması sülh, qüvvələr balansının düzgün formalaşması üçün də vacibdir".

"Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin digər tərəfdən, Ermənistan Respublikasının hücuma məruz qalmayacağına əmin olana qədər, təbii ki, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik", - o, sözlərinə əlavə edib.

Baş nazir vurğulayıb ki, Ermənistan hazırda demarkasiya prosesinə daxil olur və bu, xüsusilə təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacibdir.

KTMT-ə Ermənistandan başqa Rusiya, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan daxildir.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.