Ermənistan Milli Assambleyasının Şurası parlamentin iki müxalif fraksiyasının vəsatətini rədd edib.
"Ermənistan" və "Şərəfim var" fraksiyaları bu gün, iyunun 10-da Şuraya hökumətin istefası tələbi ilə növbədənkənar iclasın çağırılması ilə bağlı təklif təqdim etmişdilər.
Milli Assambleyanın spikeri Alan Simonyan bunda məna görmədiklərini bildirmişdi. Onun sözlərinə görə, xalq hökumət və baş nazirə etimad göstərir.
+++
İyunun 9-da Ermənistanda hökumət əleyhinə genişmiqyaslı mitinqin keçirildiyi paytaxt Yerevanda "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarları parlament binası qarşısında çadırlar quraraq orada gecələyiblər.
İyunun 10-na keçən gecə hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş iştirakçıları parlament binasını mühasirəyə alıblar. Etirazçılar və giriş-çıxışları bağlayan polislər arasında lokal toqquşmalar olub.
Daha sonra aksiya iştirakçılarının bir hissəsi hökumət daçaları kompleksinə gedib, burada onları da polislər qarşılayıb. Səhər saatlarında hər iki etirazçı qrup parlament binası qarşısında birləşib. Orada çadırlar qurulub.
Hərəkatın başçısı, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları hakimiyyətə "öz iradələrini qəbul etdirmək üçün" iyunun 10-da itaətsizlik aksiyasına başlamağa çağırıb: "Dörd gün, 96 saat fasiləsiz, istirahət etmədən, işə getmədən küçədə qalsaq və iradəmizi ortaya qoysaq, məsələni həll edə bilərik".
Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə nümayişlər bir neçə həftə əvvəl, Yerevan və Bakı bu ölkənin Tavuş bölgəsində sərhədin müəyyən edilməsi ilə bağlı razılığa gəldikdən sonra başlayıb.