Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentinanın "Todos Noticias" telekanalına bildirib ki, ölkəsinin gündəmində hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlük məsələsi yoxdur.
Jurnalist xüsusən də Ermənistanın NATO ilə daha sıx əlaqələr qurmağa hazır olub-olmaması ilə maraqlanıb. Mirzoyan cavab verib ki, artıq əməkdaşlıq var: "Biz sülhməramlıların Əfqanıstandakı əməliyyatlarında iştirak edirdik, Kosovoda mövcudluğu artırırıq. Bu, əməkdaşlığın bir formasıdır".
Avropa İttifaqına (Aİ) gəlincə, nazir Mirzoyan vurğulayıb ki, erməni xalqı, həqiqətən də, Avropanı istəyir. O, Ermənistan baş nazirinin "Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır" sözlərini xatırladıb.
Apreldə Ermənistan ilk dəfə olaraq Aİ ölkələrinin parlament sədrlərinin görüşündə iştirak edəcək.
Buna da bax: Blinkenin köməkçisi deyir ki, 'Azərbaycanı inandırmaq bizim vəzifəmiz deyil'İki həftə əvvəl Avropa Parlamenti Aİ ilə Ermənistan arasında münasibətlərə dair xüsusi qətnamə qəbul edib. O, Avropa Komissiyası və Aİ Şurasını Brüssellə əməkdaşlığı genişləndirməkdə Yerevanı dəstəkləməyə çağırıb.
Baş nazir Nikol Paşinyan o zaman siyasi və ictimai qüvvələri Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə reaksiya verməyə, Aİ-yə üzvlük gündəliyi ilə bağlı müzakirələrə başlamağa çağırmışdı.
Bununla belə, Milli Assambleyanın sədri ötən həftə bildirib ki, Ermənistan hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi nəzərdən keçirmir.
NATO-nun baş katibi Yens Stoltenberq təxminən 10 gün əvvəl Ermənistanda idi . Ermənistanın demokratik və islahatlar gündəliyindən danışan Stoltenberq Ermənistanla əməkdaşlığı da yüksək qiymətləndirib. Paşinyan isə qeyd edib ki, Yerevan NATO ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır.