Qarabağın Azərbaycan sayılmasını kriminallaşdıran layihə Ermənistanda keçmədi

Ermənistan parlamentinin Hüquq komitəsinin iclası

Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını kriminallaşdıran layihənin Ermənistan parlamentində gündəmə çıxarılmasına imkan verilməyib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, parlamentdə səsvermə zamanı hakim "Mülki Müqavilə" Partiyası buna qarşı çıxıb. Layihənin lehinə 27, əleyhinə isə 57 nəfər səs verib.

"Ayakve" təşkilatı tərəfindən irəli sürülən qanun layihəsi dekabrın 4-də Ermənistan parlamentinin Hüquq komitəsində gərgin müzakirələrə səbəb olub. Müzakirələr 7 saat davam edib.

Qanun layihəsi 58 min imza ilə parlamentə təqdim edilmişdi. Buna əsasən, Qarabağın Ermənistan adından başqa dövlətin ərazisi kimi tanınması, eləcə də erməni soyqırımının tanınmasından imtina kriminallaşdırılmalı idi.

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra sülh müqaviləsi üçün danışıqlar aparılır. Tərəflər arasında sülh sazişi ilə bağlı nəticə əldə olunmasa da, onlar bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını elan ediblər.

Buna da bax: Şahramanyanın köməkçisi: 'O, Bakı ilə danışıb, amma danışıqlar aparmayıb'

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.