Ermənistan sərhəddə atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

İllüstrativ foto

Ermənistan aprelin 10-da Azərbaycanla sərhəddə baş vermiş atışmanın təhqiqatını başa çatdırıb.

Bu atışmada Azərbaycanın bir hərbi qulluqçusu yaralanmışdı.

Erməni tərəfinin apardığı araşdırma bu nəticəyə gəlib ki, insident bir neçə Ermənistan hərbi qulluqçusunun sərhəd xidməti qaydalarını pozmasına görə baş verib.

Aprelin 12-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) yaydığı bəyanatda deyilir ki, Ermənistan ordusunun Nerkin Xndzoresk (Xınzirək-red) kəndi yaxınlığındakı bir əsgəri sərhədçilərlə birlikdə yerli sakinə onun Azərbaycan ərazisində otlayan sürüsünü geri qaytarmaqda kömək etməyə səy göstərib.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Buna da bax: Paşinyan: 'Biz bugünkü dünyaya qədim Van krallığının qalasındanmı baxmalıyıq?'

Ermənistan MTX-nin bəyanatı

MTX bildirir ki, hərbçilər Ermənistan Respublikasının sərhədini keçərək sürünü qaytarmağa cəhd göstəriblər və beləliklə də sərhəd xidməti qaydalarını pozublar.

Bəyanatda qeyd olunur ki, yalnız adının baş hərfləri - Y.K. ilə təqdim olunan əsgər və adları çəkilməyən sərhədçilər sərhədin məlum hissəsində “lüzumsuz atışma” da daxil məsuliyyətsiz hərəkətləri ilə “əhəmiyyətli ziyan” vurublar:

“Adamların həyatı və sağlamlığı aşkar təhlükəyə atılıb, sözü gedən hərəkətlər dövlətin təhlükəsizliyinə hədə yaradıb, sərhədin göstərilən sektorunda lazımi nəzarətin olmadığını nümayiş etdirib”.

Ermənistan MTX habelə qeyd edir ki, insident nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri yaralanıb.

Bəyanatda deyilir ki, Ermənistanın İstintaq Komitəsi müqəssirlərin məsuliyyətə cəlb olunması məqsədilə hadisə ilə bağlı cinayət araşdırmasına başlayıb.

Ermənistan İstintaq Komitəsindən Azatutyuna bildiriblər ki, hadisə ilə bağlı “sərhəd xidməti qaydalarının pozulması” maddəsi ilə cinayət işinə başlanıb.

İK-nin sözçüsü Qor Abrahamyan deyib ki, insidentin baş verdiyi şəraitin öyrənilməsi və “hüquqi dəyərləndirmə” məqsədilə ilkin araşdırma aparılıb.

Lakin komitə bunu da bildirib ki, bu işlə bağlı hələlik heç kimə qarşı ittiham irəli sürülməyib.

Buna da bax: Ekspert: 'Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün faydalıdır'

Bundan əvvəl

Azatutyun yazır ki, MTX aprelin 10-da baş vermiş insidentdən dərhal sonra Azərbaycan tərəfinə onun birgə araşdırılmasına hazır olduğunu bəyan etmişdi.

Bu insidentdən əvvəl, aprelin 5-də sərhəddə baş vermiş atışmaya görə tərəflər bir-birlərini ittiham etmişdilər.

Azərbaycan fevral ayında növbəti atışma zamanı bir əsgərinin yaralandığını bildirmiş və cavab olarq "əməliyyat"a başladığını açıqlamış, nəticədə Ermənistanın 4 hərbçisi həlak olmuşdu.

Ermənistan MTX fevralın 12-də baş vermiş o insidentdən sonra da atışmanın araşdırılacağını vəd etmiş, lakin daha sonra bu barədə heç bir xəbər olmamışdı.

Buna da bax: Mirzoyan MDB iclasına getməyəcək, Paşinyan da Avrasiya İqtisadi İttifaqının tədbirinə getməyə bilər

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.