Azərbaycan BMT-də ianə kimi toplanan vəsaitin təxribat məqsədilə istifadəsindən danışıb.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərində deyilir.
İyunun 2-4-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının "Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" başlığı altında Xüsusi Sessiyası keçirilib və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilib. Tədbirdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin (MMX) təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.
XİN-in verdiyi xəbərə görə, MMX-nin nümayəndəsi 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon dollar toplandığını və bunun 110 milyon dollarının qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib.
Azərbaycan tərəfi bildirir ki, bunu Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən Baş naziri etiraf edib. XİN-in məlumatına görə, müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında toplanan və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsait Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunub.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.