Birləşmiş Ştatlar Ermənistan xalqını təbrik edir

Ermənistanda seçkilər. 20 iyun 2021

Kreml Ermənistandan gələn seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir, seçkidə Nikol Paşinyanın partiyasının əsaslı qələbə qazandığını bildirir.

Birləşmiş Ştatlar 20 iyun parlament seçkiləri münasibətilə Ermənistan xalqını təbrik edir.

“DTİHB/ATƏT missiyasının seçkiləri ümumən müsbət dəyərləndirməsini alqışlayırıq”, – Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Rəsmi Vaşinqton eyni zamanda DTİHB-nin aşırı qütbləşmə və seçki iştirakçılarının aqressiv ritorikası sarıdan narahatlığını paylaşdığını bildirib.

“Ermənistanın bütün siyasi baxışlı vətəndaşlarını bu seçkilərin nəticələri təsdiqlənəndən sonra onlara hörmət etməyə, siyasi qisasçılıqdan qaçaraq nəticələrin şikayətləri hüquqi müstəvidə həll etməyə çağırırıq”, – bəyanatda deyilir.

Prays Birləşmiş Ştatların Ermənistanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıb.

***

Avropa Şurasının rəhbəri Paşinyanı təbrik edir

“Avropa Şurası Ermənistanı və dərin islahatların həyata keçirilməsini dəstəkləyir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri Avropa Şurasının prezidenti Şarl Mişel Vətəndaş Müqaviləsi partiyasının lideri Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edərkən deyib.

Ermənistan baş nazirinin administrasiyası bildirir ki, cənab Mişel Avropa Şurasının regional stabilliyin təmin edilməsində və münaqişələrin hərtərfli tənzimlənməsində dəstək verməyə hazır olduğunu deyib.

ATƏT müşahidəçiləri: ‘Bütün partiyalar üzrə nəticəni tam qəbul edirik’

Beynəlxalq müşahidəçilərin rəyinə görə Ermənistanda növbədənkənar parlament seçkisi “rəqabətli, yaxşı təşkil olunmuş şəkildə, amma eyni zamanda qütbləşmə və aqressiv ritorika şəraitində keçib”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun verdiyi xəbərə görə DTİHB/ATƏT müşahidəçilərinin iyunun 21-də Yerevanda keçirilmiş mətbuat konfransında erkən seçkilərə dair bəzi təfərrüatlar müzakirə olunub.

ATƏT missiyası Yerevanda

ATƏT müşahidəçiləri bildiriblər ki, seçki kampaniyasının siyasi təbliğatında “milli təhlükəsilik məsələləri” başlıca mövzu olub.

Onlar əlavə ediblər ki, bu təbliğat bəzi hallarda daha aqressiv şəkil alıb və ittiham və təhqir müstəvisinə keçib. Bu isə öz növbəsində seçicilərin diqqətini partiyaların siyasi proqramlarından yayındırıb.

Bununla belə müşahidəçilərin fikrincə seçki günü sakit keçib.

DTİHB/ATƏT müşahidəçilərinin rəyinə görə Ermənistanda parlament seçkisi ümumən müsbət qiymətləndirilməlidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda səsvermə başa çatdı, 20 pozuntu halı araşdırılır

Kiçik pozuntular

Müşahidəçilər bəzi hallarda kiçik pozuntular qeydə alındığı bildirsələr də, bu qənaətdədirlər ki, bu, seçkinin nəticələrinə təsdir etməyib:

“Biz bəzi seçki dairələrində kiçik texniki pozuntuları qeydə aldıq. Məntəqələrdə sıxlıq idi və əlilliyi olanların səs verməsi üçün şərait yaradılmamışdı. Amma ümumilikdə bunlar demokratik və konstitusiya nizamını şübhə altında qoymur”.

Müşahidəçilər qeyd edirlər ki, seçki mühiti konstruktiv idi, lakin aqressiya və nifrət ritorikası öz izini buraxırdı:

“Bu xeyli qütbləşmiş mühitə baxmayaraq, biz bütün siyasi partiyalar üzrə səsvermə nəticələrini tam qəbul edirik”.

Bundan əvvəl MDB müşahidəçiləri də rəylərini bildirmişdilər.

Onlar da seçkinin nəticəsinə təsir göstərəcək pozuntu qeydə almadıqlarını deyiblər.

Buna da bax: 'Artıq sülh müqaviləsi bağlana bilər' – Bakıdan şərhlər

Koçaryan seçkilərin nəticələrini tanımır

Robert Koçaryanın rəhbərlik etdiyi “Ayastan” bloku vaxtından əvvəl parlament seçkilərinin nəticələrini qəbul etmir və onları Konstitusiya Məhkəməsində mübahisələndirəcək.

Bunu Azatutyun radiosuna blokun liderlərindən biri, Daşnaksutyun partiyasının təmsilçisi İşxan Saqatelyan deyib. O, başqa sualları cavablandırmayıb.

Koçaryanın iyunun 22-də mətbuat konfransı keçirəcəyi gözlənir.

Robert Koçaryan

***

Kreml Ermənistandan gələn seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir, seçkidə Nikol Paşinyanın partiyasının əsaslı qələbə qazandığını bildirir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyir.

“Yerevandan gələn xəbərləri çox diqqətlə izləyirik, seçkinin baş tutması haqda Ermənistanın mərkəzi seçki komissiyasının məlumatını alqışlayırıq. Əlbəttə, Paşinyanın partiyasının əsaslı qələbə çaldığını görürük”, – Peskov jurnalistlərə deyib.

Mətbuat katibi Ermənistan xalqını seçki münasibətilə təbrik edib, Ermənistanı yaxın müttəfiq və tərəfdaş adlandırıb.

***

'Ayastan' bloku seçkinin nəticələrini mübahisəli sayır

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başçılıq etdiyi Ayastan (Ermənistan) bloku seçkinin nəticələrini mübahisəli sayır. Blok bəyanatında dərc olunmuş nəticələrin inam yaratmadığını bildirir.

“Onlar son 8 ayda ictimai həyatda müşahidə etdiyimiz müxtəlif cərəyanlarla, ictimai rəy sorğuları, eləcə də beynəlxalq sorğuların nəticələri və ən nəhayət sağlam məntiqlə kəskin ziddiyyət təşkil edir”, – blokun bəyanatında deyilir.

Blok qeyd edir ki, “qeydə alınmış, eləcə də təxmin edilən pozuntular dərindən və əsaslı şəkildə öyrəniləcək”.

Bütün problemli məsələlər və şübhələr aydınlaşmayanadək “Ayastan bloku seçkinin nəticələrini tanımayacaq”, – bəyanatda vurğulanır.

Buna da bax: Nazirlik rəsmisi mina xəritələrindən danışıb 

***

“Vətəndaş müqaviləsi” partiyası yeni seçilmiş parlamentdə konstitusion çoxluğa malik olacaq və hökuməti formalaşdıracaq. Bunu Ermənistanın müvəqqəti baş naziri, “Vətəndaş müqaviləsi”ndən baş nazirliyə namizəd Nikol Paşinyan Facebook səhifəsində yazıb.

***

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan vaxtından əvvəl parlament seçkisini udduğunu deyir. Əsas müxalifət alyansı isə nəticəni rədd edir, seçkidə saxtakarlıq olduğunu bildirir.

Artıq bülletenlərin demək olar hamısı sayılıb. Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın Ermənistan Alyansı isə 21 faizini yığıb.

***

Artıq seçki dairələrinin dörddə üçündə bülletenlər sayılıb. Nikol Paşinyanın partiyasının 55.6, keçmiş prezident Robert Koçaryanın alyansının isə 20 faiz səs yığdığı bildirilir.

Nəticələr təsdiqlənərsə, Paşinyanın partiyası parlamenti idarə etməyə gərəkən 50 faizdən də artıq səs yığmış olacaq. Parlamentə düşə bilməyən partiyaların yığdığı səslər də parlamentə girənlər arasında bölüşdürüləcək.

***

İyunun 21-də Ermənistanda siyasi böhran yeni mərhələyə girib. Baş nazir əvəzi Nikol Paşinyan seçkidə qalib gəldiyini desə də əsas müxalifət alyansı nəticələri rədd edib.

20 iyun seçkisinin ilkin nəticələrinə görə, seçki məntəqələrinin yarıya qədərində bülletenlər sayılıb və Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 58.6 faiz səslə öndədir. Keçmiş Prezident Robert Koçaryanın Ermənistan Alyansının isə 18.8 faiz səs yığdığı bildirilir.

Buna da bax: Ermənistanda parlament seçkiləri: son xəbərlər

“Xalq mənə mandat verdi”

“Ermənistan xalqı bizim Vətəndaş Müqaviləsi partiyamıza ölkəni idarə etməyə və şəxsən mənə baş nazir kimi mandat verdi”, – Paşinyan iyunun 21-nə keçən gecə deyib.

“Artıq bilirik ki, seçkilərdə inamlı qələbə qazanmışıq və parlamentdə inamlı çoxluğumuz olacaq”, – o, sözlərinə əlavə edib.

Paşinyan tərəfdarlarını bu gün axşam Yerevanın əsas meydanına gəlməyə çağırıb.

Bundan bir neçə dəqiqə sonra isə Koçaryanın alyansı iddia olunan pozuntular araşdırılmayınca nəticələri tanımayacağını bəyan edib.

“Seçki məntəqələrində təşkil olunmuş və planlaşdırılmış saxtakarlığı göstərən yüzlərlə siqnal etimadın yoxluğuna ciddi əsas yaradır”, – blok bəyanatında bildirib.

Seçkidən öncə keçirilmiş rəy sorğuları rəqabətin Paşinyanın partiyası ilə Koçaryanın yeni yaradılmış alyansı arasında getdiyin göstərir, onların hər birinə dəstək 24 faizə yaxın idi.

Buna da bax: ‘Ölüm-dirim davası gedir, tərəflərin heç biri tam üstünlüyə malik deyil’

Saxlananlar olub

2-ci Qarabağ müharibəsindən sonra Ermənistanda siyasi böhran aylarla davam edib. Müxalifət ölkənin məğlubiyyətimə görə Paşinyanı ittham edirdi.

Azərbaycan həmin müharibədə Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Seçki kampaniyasında səslənən ittihamlar və təhqirlər seçkidən sonra zorakılıqla bağlı narahatlıq yaradıb. Kampaniya zamanı müxalifətin onlarla namizədi və fəalı saxlanıb, onlar seçiciləri qorxutmaqda, onları pulla ələ almaqda suçlanıb.

Seçkiqabağı Prezident Armen Sarkisyan vətəndaşları dinc davranmağa çağırıb, “siyasi və mənəvi sərhədlərin keçilməsini, vəziyyətin gərginləşməsi, nifrət və düşmənçiliyin qızışdırılmasını” qəbuledilməz adlandırıb.

Seçkiyə ümumilikdə 21 partiya və dörd alyans gedib. Mərkəzi seçki Komissiyası (MSK) 2.6 milyona yaxın seçicinin 50 faizə yaxınının səsverməyə getdiyini açıqlayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda seçkidə rüşvət iddiaları

Digər partiyalar

Biznes maqnatı Gagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası isə parlamentə daxil olmaq üçün 5 faizlik həddə yaxın səs yığıb. Digər keçmiş prezidentə bağlı blok da 5 faizə yaxın səs yığıb, amma bloklar parlamentə düşməkdən ötrü 7 faiz səs toplamalıdır.

MSK sədri Tiqran Mukuçian seçkinin ümumilikdə ölkə qanunvericiliyinə uyğun keçdiyini bildirib.

Seçkinin monitorinqini həyata keçirən Müstəqil Müşahidəçi təşkilatından Daniel İoanisyan seçicilərin pulla ələ alınması, seçkiyə digər qanunsuz müdaxilə cəhdləri olduğunu bildirib.

O, AzadlıqRadiosu-nun Ermənistan xidmətinə deyib ki, cəhdlərin çoxu Ermənistan alyansına aiddir, amma daha kiçik partiyaların iştirakıyla bəzi hallar da baş verib.

ATƏT-in beynəlxalq müşahidəçiləri iyunun 21-də səsverməyə dair ilkin dəyərləndirmə yayacaqlar.