Yanvarın 26-da Moskva məhkəməsi ABŞ jurnalisti Evan Qerşkoviçin (Evan Gershkovich) apellyasiya şikayətini təmin etməyib, barəsində həbs-qətimkan tədbirini dəyişdirməyib. Jurnalist casusluqda ittiham olunur, amma özü, çalışdığı "The Wall Street Journal" (WSJ) qəzeti və ABŞ hökuməti ittihamı rədd edir.
Qerşkoviç hazırda Rusiyada casusluq ittihamı ilə saxlanan üç ABŞ vətəndaşından biridir. Həmin şəxslər və ABŞ hökuməti ittihamı siyasi motivli sayır.
Digər iki ABŞ vətəndaşı keçmiş dəniz piyadası Pol Uilan (Paul Whelan) və AzadlıqRadiosunun jurnalisti, ikili ABŞ-Rusiya vətəndaşlığı olan Alsu Kurmaşevadır.
Lefortovo məhkəməsi Qerşkoviç barəsində həbs-qətimkan tədbirini iki ay, martın 30-dək uzadıb.
Məhkəmə qapalı keçirilir, işin "məxfi" xarakterli olması əsas gətirilir.
Jurnalistin vəkili Mariya Korçaqina Qerşkoviçin həbs-qətimkan tədbirinin ev dustaqlığına, yaxud 50 milyon rubl (558 min dollar) məbləğində girovluğa dəyişdirilməsini istəmişdi. Depoziti WSJ-nin sahibi "Dow Jones&Company" təklif edib.
Putin dialoq olduğunu deyirdi
Qerşkoviç ötən ilin martında Uralın Yekaterinburq şəhərində saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Qerşkoviçin ABŞ-ın tapşırığı ilə Rusiyanın hərbi sənaye kompleksi müəssisələrindən biri barədə məlumatlar topladığını iddia edib. WSJ və ABŞ hökuməti bunu qətiyyətlə rədd edib.
Apreldə ABŞ Dövlət Departamenti Qerşkoviçi "qanunsuz saxlananlar" kateqoriyasına salıb ki, bu da Departamentə ABŞ vətəndaşının maraqları uğrunda hərəkətə keçməyə əsas verir.
Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də mətbuat konfransında deyib ki, Qerşkoviç və Uilanın buraxılması üçün ABŞ və Rusiya rəsmiləri arasında dialoq olub.
AzadlıqRadiosunun jurnalisti Kurmaşeva isə azı 100 gündür həbsdədir. Jurnalist əvvəlcə "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. Daha sonra ona Rusiya ordusu barədə saxta informasiya yaymaq ittihamı verildi. Birinci maddə üzrə 5, ikinci maddə üzrə 10 il həbs cəzası kəsilə bilər. Kurmaşeva və AzadlıqRadiosu ittihamları rədd edir və Moskvanın onu jurnalist işinə görə cəzalandırdığını deyir.
AzadlıqRadiosu Dövlət Departamentini Kurmaşevanı "qanunsuz saxlananlar" kateqoriyasına salmağa çağırıb.