“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya Baş Prokurorluqda xəbərdarlıq edilib.
Bu haqda baş redaktorun özü bildirib.
Ə.Zeynallı çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu söyləyib.
Baş redaktorun bildirməsinə görə, baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, onunla "profilaktik" söhbət aparıb. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub.
Buna da bax: Daha bir sayta giriş bloklanıb
Avropa.info saytındakı yazıda AXCP sədri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsindən bəhs olunub. Bununla bağlı məqalədə bir sıra iddialar yer alıb. Məqalə müəllifi iddia edib ki, bu maliyyələşmə Prezident Administrasiyasından gizlicə həyata keçirilir. Ancaq yazıda heç bir dəlil gətirilməyib.
Buna da bax: ‘Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər’
Əvəz Zeynallı şərhində qeyd edibmiş ki, məqalənin mənbəyi Prezident Administrasiyasının bir-birini müxalifəti maliyyələşdirməkdə ittiham etməklə nüfuzdan salmağa çalışan yüksək vəzifəli məmurlarıdır. Əvəz Zeynallı onu da yazıbmış ki, bu qarayaxma bir şöbə müdirinə qarşı gizli mübarizə aparan başqa bir şöbə müdirinin işidir.
Analoji məzmunda məqalə infoaz.org xəbər saytında da yayılıb. Həmin məqalədə prezidentin köməkçisi Əli Həsənovun Prezident Administrasiyasının rəhbəri və hətta dövlət başçısı vəzifəsinə göz dikməsi iddia olunur.
Həmin xəbər saytının rəhbəri Namiq Cəfərli də bu gün, avqustun 18-də Baş Prokurorluğa çağırılıb.
N.Cəfərli də prokurorluğa çağırılmasını yazıları ilə izah edib. Ona saytda gedən yazılara görə, xəbərdarlıq edildiyini bildirib.
Ancaq AXCP sədrinin ailə üzvlərindən bəhs edən məqalənin dərc olunduğu avropa.info saytının rəhbərliyinin prokurorluğa çağırılması ilə bağlı isə hər hansı məlumat yayılmayıb.
Jurnalistlərə xəbərdarlıq edilməsinə aid Baş Prokurorluğun mətbuat xidməti də məlumat yayıb.
Buna da bax: "Özün özündən hürkürsənsə, onda söz azadlığı yoxdur"
“Aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər “xural.com”, “aztoday.az”, “infoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb”, – məlumatda deyilir.
Prokurorluq bununla əlaqədar olaraq adıçəkilən saytların baş redaktorlarının dəvət edildiyini, onlardan “sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması”nın tələb edildiyini bildirir.
Rəsmi xəbərdarlıq edilən jurnalistlər “sensasiya naminə, qərəzli informasiyaları” yaymağa davam edərlərsə, prokurorluq daha ciddi tədbirlər görəcəyini bəyan edib.
Buna da bax: 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar
* * *
«Xural» qəzetinin baş redaktoru, keçmiş məhbus Əvəz Zeynallının hazırda Baş Prokurorluqda olduğu bildirilir. Onun hansı səbəbdən dəvət edildiyi bəlli deyil.
Baş Prokurorluğa getməzdən əvvəl Ə.Zeynallı AzadlıqRadiosuna çağırılması haqda bilgi verib.
«Baş Prokurorluqdan Eldar Sultanov zəng etmişdi, saat 15.00-da məni dəvət etdi. Belə anladım ki, mənimlə baş prokurorun müavini Rüstəm Usubov söhbət edəcək», - deyən Ə.Zeynallı çağırışın səbəbi haqda detallı bilgiyə sahib olmadığını ifadə edib.
Bununla belə, jurnalist peşə fəaliyyətinin, hökumətə yönəlik analiz yazılarının əsas motiv olduğunu güman edib.
Buna da bax: 'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı
ƏFV SƏRƏNCAMI İLƏ AZADLIĞA ÇIXMIŞDI
Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktoru işləyir. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.
Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il həbs cəzası alıb. Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.
2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.